SOCAR-ın birinci vitse-prezidenti, neftçi-alim, geoloq, akademik Xoşbəxt Yusifzadə dəfn olunub.
Senzor.az xəbər verir ki, əvvəlcə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasında mərhumla vida mərasimi keçirilib.
Vida mərasimində mərhumun ailəsi, yaxınları ilə yanaşı, Baş nazir Əli Əsədov və müavinləri, həmçinin bir sıra dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları və media mənsubları iştirak edib.
Vida mərasimindən sonra mərhumun cənazəsi Fəxri xiyabana aparılıb və dəfn olunub.
**12:14
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ötən gün dünyasını dəyişmiş Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin vida mərasiminə əklil göndərib.
Senzor.az xəbər verir ki, mərhumla vida mərasimi Azərbaycan Milli Elmlər Akademiyasında keçirilir.
X.Yusifzadə vida mərasimindən sonra Fəxri xiyabanda dəfn ediləcək. Əklil də xiyabana aparılacaq.
Qeyd edək ki, SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə oktyabrın 3-də 93 yaşında vəfat edib.
**
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, neftçi-alim, geoloq, akademik Xoşbəxt Bağı oğlu Yusifzadə ilə vida mərasimi keçirilir.
Senzor.az-ın məlumatına görə, mərasim Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında təşkil olunub.
Mərasimdə SOCAR rəsmiləri, energetika sektorunun tanınmış nümayəndələri iştirak edirlər.
X.Yusifzadə I Fəxri xiyabanda dəfn olunacaq. O, dünən 93 yaşında dünyasını dəyişib.
**11:01
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, akademik Xoşbəxt Bağı oğlu Yusifzadə ilə vida mərasimi Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında keçiriləcək.
Senzor.az bildirir ki, vida mərasimindən sonra mərhum Fəxri xiyabanda dəfn olunacaq.
**23:28(03.10.2023)
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə dünyasını dəyişib.
Bu barədə Trend məlumat yayıb.
Qeyd edək ki, Xoşbəxt Yusifzadə 1930-cu il yanvarın 14-də Bakının Pirşağı kəndində anadan olub. 1947-ci ildə orta məktəbi bitirib və M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji-kəşfiyyat fakültəsinə daxil olub. İnstitutu 1952-ci ildə "Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı" üzrə bitirərək "dağ mühəndisi-geoloq" ixtisasına yiyələnib.
O, 1957-ci ildə ailə qurub. İki övladı var.
1960-cı ildə "Neft quyularının və laylarının tədqiq edilməsi və Neft Daşları yatağının cənub-qərb qanadının neftli obyektlərinin səmərəli işlənilməsi və istismarı məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək geologiya-minerologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb.
1987-ci ildə Moskvanın Yanar Qazıntıların Geologiyası və İşlənməsi İnstitutunda "Dəniz neft və qaz yataqlarında axtarış-kəşfiyyat işlərinin sürətlə aparılmasının prinsip və metodları" mövzusunda doktorluq dissertasiyası müdafiə edib geologiya-mineralogiya elmləri doktoru elmi dərəcəsinə layiq görülüb. 2005-ci ildə ona "Professor" elmi adı verilib. 2007-ci ilin aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib.
Onun bilavasitə iştirakı və rəhbərliyi ilə Xəzər dənizi hövzəsinin Azərbaycan, Türkmənistan və Rusiya sektorlarında 20-dən artıq neft və qaz yatağı, o cümlədən dünyada məşhur olan "Azəri", "Çıraq" və "Günəşli" yataqları kəşf olunub və istismara daxil edilib. 1988-ci ildən başlayaraq xarici şirkətlərlə birgə aparılmış demək olar ki, bütün işlərdə, o cümlədən "Azəri-Çıraq-Günəşli" (dənizin dərin hissəsi) yataqlarının işlənməsində, "Əşrəfi" (1998-ci il), "Qarabağ" (1998-ci il), nəhəng "Şahdəniz" (1999-cu il), iri "Abşeron" (2011-ci il) kimi yataqların, eləcə də 2010-cu ildə ARDNŞ-in öz gücü ilə açdığı "Ümid" yatağının kəşf edilməsində əvəzedilməz rolu olub.
X. Yusifzadənin elmi araşdırmaları neft və qaz-kondensat yataqlarının kəşfində və işlənməsində qarşıya çıxan problemlərin həll edilməsi işinə böyük töhfə olub. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə aparılan elmi-tədqiqat işlərinin nəticələri bu məşhur alimin və görkəmli istehsalat təşkilatçısının nəşr olunmuş 188 elmi əsərində, o cümlədən 12 monoqrafiyasında və 8 ixtirasında öz əksini tapıb.
Xoşbəxt Yusifzadənin rəhbərliyi və bilavasitə iştirakı ilə dəniz neft-qaz yataqlarının işlənilməsinin nəzəri əsasları hazırlanıb və həyata keçirilib. Onun elmi fəaliyyəti sahə elmi-tədqiqat və layihə təşkilatları ilə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın) institutları ilə bağlı olub, birgə tədqiqatların nəticələri istehsalatda müvəffəqiyyətlə tətbiq edilib.
X. Yusifzadə AMEA-nın Neft Ekspedisiyasında, Dərin Neft-Qaz Yataqları Problemləri İnstitutunda da fəaliyyət göstərib, dəniz neft və qaz yataqları ehtiyatlarının hesablanmasına, onların işlənilmə layihələrinin tərtib edilib həyata keçirilməsinə rəhbərlik edib, yataqların işlənilməsi ilə əlaqədar bir sıra elmi-metodiki və nəzəri məsələlərin həllində bilavasitə iştirak edib.
Xoşbəxt Yusifzadə Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Rusiya Beynəlxalq Mühəndislər Akademiyasının fəxri akademiki, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki, Gürcüstan Milli Elmlər Akademiyasının xarici üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvü, "Azərbaycan Neft Təsərrüfatı" və "Azərbaycanın geofizika yenilikləri" jurnalları, Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətlərinin üzvü, Azərbaycan Geofizikləri Milli Komitəsinin, Azərbaycan Neftçi-Geoloqları Cəmiyyətinin, Amerika Neftçi-Geoloqları Assosiasiyasının, Avropa Alim-Geoloqları və Mühəndisləri Assosiasiyasının, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının üzvü idi.
O, "Şöhrət" ordeni (18 sentyabr 2004), "Şərəf" ordeni (11 dekabr 2009), 1-ci dərəcəli "Əmək" ordeni (19 sentyabr 2017), "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı (2019-cu il), "Heydər Əliyev" ordeni (13 yanvar 2020) və "İstiqlal" ordeni (13 yanvar 2000) ordenləri ilə təltif olunub.
Allah rəhmət eləsin!