Oktyabrın 6-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Soltan bin Saad Al-Murayxi ilə görüşüb.
XİN-dən Senzor.az-a verilən xəbərə görə, görüş zamanı Azərbaycan və Qətər arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi, gündəlikdə duran məsələlər və müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri müzakirə edilib, ölkələrimiz arasında həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlərin, siyasi məsləhətləşmələrin münasibətlərin daha da inkişafı baxımından əhəmiyyətli olduğu vurğulanıb.
Azərbaycan ilə Qətər arasında beynəlxalq təşkilatlar və platformalar, xüsusən də İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və BMT çərçivəsində mövcud olan səmərəli əməkdaşlıq qeyd edilib.
Eyni zamanda, iki ölkə arasında birgə hökumətlərarası komissiyanın gündəliyində duran məsələlərə toxunulub. Tərəflər iqtisadiyyat, ticarət, investisiya, maliyyə, sənaye, enerji, nəqliyyat, təhsil, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.
Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi Ermənistanın və onun ölkəmizdə qurduğu qondarma rejimin 30 ilə yaxın müddətdə regional sülh və təhlükəsizliyə törətdiyi çağırışlar barədə məlumatlandırıb, Azərbaycanın beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə özünün suveren ərazisində həyata keçirdiyi lokal antiterror tədbirlərini şərtləndirən səbəblərdən bəhs edib. Bu xüsusda, bölgədə əsas təhdid olan qanunsuz erməni silahlı qüvvələrinin mövcudluğuna son qoyulmasının bölgədə sülh və sabitliyə xidmət edəcəyinə ümidvarlıq ifadə olunub.
Qətər tərəfi Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlərə dair fikir mübadiləsi aparıblar.