Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş Azərbaycan Qadınlarının VI Qurultayınının nümayəndələri Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.
Senzor.az xəbər verir ki, mətndə deyilir:
Möhtərəm cənab Prezident!
Biz - Azərbaycan Qadınlarının VI Qurultayının iştirakçıları bizə ünvanladığınız müraciətinizdə Azərbaycan qadınlarına verdiyiniz yüksək qiymətə və bu tədbirin keçirilməsinə göstərdiyiniz dəstəyə görə Sizə dərin təşəkkürümüzü və ehtiramımızı bildiririk. Bir daha vurğulayırıq ki, Qurultayın Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmasından böyük fəxarət hissi keçiririk.
Azərbaycan qadınlarının müxtəlif illərdə keçirilən qurultayları və forumları ölkədə qadın hərəkatının fəallaşmasına səbəb olmuş, onun daha mütəşəkkil xarakter almasında mühüm rol oynamışdır. Bu platformada qadınlar ölkənin ictimai siyasi həyatında baş verən hadisələrə və onların qadınların vəziyyətinə təsirlərinə münasibət bildirirlər, qadın hüquqlarının təmin edilməsi ilə bağlı geniş müzakirələr aparır, nailiyyət və problemləri vurğulayırlar.
Qurultayın Vətən müharibəsindəki şanlı Zəfərdən sonra və erməni əsarətindən azad edilmiş torpaqlarımıza Böyük Qayıdış dönəmində keçirilməsi bizi qürurlandırır və ölkəmizin parlaq gələcəyi naminə səfərbər olmağa sövq edir.
Müzəffər Ali Baş Komandan kimi Sizin qətiyyətli rəhbərliyiniz, Rəşadətli Azərbaycan Ordusunun əzmi və şücaəti ilə işğal olunmuş torpaqlarımızı düşməndən təmizlənərək, 30 illik işğala son qoyuldu və Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Qeyd etməyi lazım bilirik ki, bu zəfəri həm də Azərbaycanın məğrur, qeyrətli qadınları və analar qazandılar. Bütün xalq gücünü Sizin dəmir yumruğunda cəmləyərək onu düşmənin başına endirməkdə Sizə dəstək oldular.
Bu gün müharibəsinin acı nəticələrinin aradan qaldırılması, işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması, qaçqın və məcburi köçkün əhalinin qayıdışının təmin olunması, əhalinin rifahı və həyat səviyyəsinin yüksəldilməsi qarşıda duran əsas məsələlərdir. Bu məqamda da Azərbaycan qadınının ön sıralarda olacağı şübhəsizdir. Həmçinin Qarabağ və Şərqi Zəngəzurda Sizin müdrik rəhbərliyinizlə sülhyaratma və reinteqrasiya məsələlərinində uğurla reallaşacağına əminliyimizi ifadə etmək istərdik.
Bu gün biz Azərbaycan Qadınlarının VI Qurultayında bir daha fəxrlə vurğulayırıq ki, Azərbaycan Respublikasında dövlət qadın siyasətinin əsasını qoymuş Dahi Lider Heydər Əliyevin davamçısı kimi, Sizin tərəfinizdən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizdə gender bərabərliyinin təmin olunmasına, qadınların ictimai həyatın bütün sahələrində kişilərlə bərabər iştirakına, məşğulluğunun artırılmasına, onlar arasında sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə diqqət artmış və bu sahələrdə əhəmiyyətli nailiyyətlər əldə edilmişdir.
Türkiyə, Özbəkistan və Tacikistan respublikalarının dövlət rəsmilərinin, beynəlxalq təşkilatların və xarici dövlətlərin ölkəmizdəki diplomatik nümayəndəliklərinin də qatıldığı VI Qurultay öz işini uğurla başa vurdu. Respublikamızın bütün regionlarının təmsil olunduğu bu möhtəşəm tədbirdə Böyük Qayıdış, qadın hüquqlarının təmin edilməsi, sosial-iqtisadi islahatların gender aspekti, gender məsələləri ilə bağlı müasir tendensiyalar və növbəti qurultaya qədərki dövrün hədəflərinə dair mövzular ətrafında səmərəli fikir mübadiləsi aparıldı və yekunda Qətnamə qəbul edildi.
Biz etiraf edirik ki, qloballaşan müasir dünyada gender bərabərliyinin tam təmin edilməsi prosesini ləngidən bir sıra amillər eyni ilə Azərbaycanda da mövcuddur. Xüsusilə gender əsaslı ayrı-seçkilik, erkən yaşda evlilik, məişət zorakılığı, mənfi gender stereotipləri beynəlxalq aləmdə fundamental insan hüquqlarının pozulmasına zəmin yaradan narahatedici məsələlər kimi hədəfə alınaraq onlarla mübarizə aparılır.
Azərbaycan Qadınlarının VI Qurultay iştirakçıları Sizə müraciət edərək, ölkədə idarəetmənin müxtəlif səviyyələrində qadınların kişilərlə bərabər təmsilçiliyinin genişləndirilməsi, onların iqtisadi fəallığının artırılması, qadın sahibkarlığının stimullaşdırılması, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması ilə bağlı tədbirlərin daha da gücləndirilməsi istiqamətində bizə dəstək olacağınıza inanırıq. Bu yolda Sizə uğurlar arzu edirik!
Hörmətli cənab Prezident!
Biz, bütün Azərbaycan qadınlarını təmsil edən Qurultay nümayəndələri, Vətənimizin qüdrətlənməsinə aparan siyasi xəttinizi, dərin zəka, və möhkəm iradə ilə gördüyünüz işləri dəstəkləyir, Sizə olan etibarımızı, inamımızı bildiririk".
**17:00
Azərbaycan Qadınlarının VI Qurultayı keçirilib, qətnamə qəbul olunub.
Senzor.az xəbər verir ki, sənəd 13 bənddən ibarətdir.
Qətnamədə vurğulanıb ki, qurultayda müəyyən edilən vəzifələrin icrasına nail olmaq məqsədilə müvafiq işçi qrup yaradılmalı və qurultayarası dövrdə onun müntəzəm fəaliyyəti təmin olunmalıdır.
**11:14
Prezident İlham Əliyev Azərbaycan Qadınlarının VI Qurultayının iştirakçılarına müraciət ünvanlayıb.
Senzor.az xəbər verir ki, müraciətdə deyilir:
"Hörmətli qurultay nümayəndələri!
Əziz xanımlar!
Sizi Azərbaycan qadınlarının VI qurultayının açılışı münasibətilə salamlayır, hamınıza cansağlığı, xoşbəxtlik və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.
Qurultayın Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunması dərin məna daşıyır. Ümummilli Lider qadınlarımızın ictimai-siyasi proseslərdə yaxından iştirak etmələrinə və dövlət qurumlarında geniş təmsil olunmalarına həmişə xüsusi diqqət yetirmişdir. Azərbaycan qadınlarının 25 il əvvəl Ulu Öndərin təşəbbüsü ilə keçirilən ilk qurultayı ölkəmizdə qadın hərəkatının keyfiyyətcə yeni mərhələsini başlatmışdır. Ötən müddətdə cəmiyyətdəki mövqeləri daha da möhkəmlənən qadınlarımız respublikanın sosial-iqtisadi və mədəni-elmi potensialının gücləndirilməsi işinə dəyərli töhfələr bəxş etmişlər. Onların təqdirəlayiq ictimai nüfuzu təməl prinsipləri Heydər Əliyev tərəfindən müəyyən edilmiş dövlət qadın siyasətinin ardıcıl gerçəkləşdirilməsinin nəticəsidir.
Qloballaşmanın vüsət aldığı və milli özünəməxsusluğu sürəkli dəyişikliklərə məruz qoyduğu bir vaxtda mədəni-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və yaşadılmasında Azərbaycan qadınlarının xidmətləri misilsizdir. Məmnunluq hissi ilə bildirmək istəyirəm ki, onlar eyni zamanda maarifpərvər sələflərinin ənənələrini müvəffəqiyyətlə davam etdirərək, artan təşəbbüskarlıqları və dolğun sosial-mədəni fəaliyyətləri ilə ictimai həyatımıza yeni güc qatır, müstəqillik salnaməmizə parlaq səhifələr yazırlar. Hər bir nailiyyətimizdə qadınların böyük zəhməti vardır. Fədakar analarımızın Vətən sevgisinin bariz nümunəsi dövlətimizin suverenliyi və ərazi bütövlüyünün bərpası naminə döyüş meydanındakı unudulmaz rəşadəti ilə xalqımızın mübarizlik ruhunu nümayiş etdirən milli əqidəli gənc nəsildir.
Azərbaycan öz tarixinin taleyüklü hadisələrlə zəngin, çox şərəfli bir dövrünü yaşayır. İşğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdışla bağlı hazırda genişmiqyaslı müxtəlif layihələr icra olunmaqdadır. Vətənimizin rifahı üçün var qüvvələrini əsirgəməyən qadınlarımız bu nəhəng quruculuq işlərinin fəal iştirakçılarıdır.
Əminəm ki, qurultayınız aktual mövzulardakı ətraflı müzakirələri və dəyərli tövsiyələri ilə faydalı platforma rolunu oynayaraq, ölkəmizdə qadın hərəkatını milli prioritetlərdən irəli gələn vəzifələrin layiqincə həllinə istiqamətləndirəcəkdir".
**10:27
Bakıda Azərbaycan Qadınlarının VI Qurultayının açılış mərasimi keçirilir.
Senzor.az bildirir ki, Qurultay ölkəmizdə qadın hərəkatının əsasını qoymuş Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi, eyni zamanda, müstəqil Azərbaycanın ilk Qadın Qurultayının 25 ili münasibətilə təşkil edilib. Tədbirdə paytaxt və bölgələrdən 600-ə yaxın qadın iştirak edir.
Azərbaycan Qadınlarının VI Qurultayında “Ulu Öndər Heydər Əliyevin əsas missiyası: Böyük Qayıdış”, “Gender məsələləri hüquqi müstəvidə: Mövcud vəziyyət, qarşıda duran məsələlər”, “Sosial-iqtisadi islahatların gender aspektləri. Formal və qeyri-formal məşğulluqda qadın təmsilçiliyi”, “Qadın hüquqlarının həyata keçirilməsində çağırışlar və qlobal tendensiyalar” mövzuları üzrə 4 paneldə müzakirələr aparılacaq.
Tədbirdə iştirak edən Türkiyə, Özbəkistan və Tacikistanın dövlət rəsmiləri, Milli Məclisin deputatları, dövlət və qeyri-hökumət, eləcə də beynəlxalq təşkilatların və xarici dövlətlərin Azərbaycandakı səfirliklərinin nümayəndələri, görkəmli ictimai-siyasi xadimlər çıxış edərək panel mövzular ətrafında fikir və təkliflərini bildirəcəklər.
Yekunda müzakirə və təkliflər əsasında qətnamə qəbul olunacaq və Azərbaycan qadınlarının Prezident İlham Əliyevə müraciəti səsləndiriləcək.