"Qərbi Azərbaycanın elektron xəritəsi hazırlanıb".
Bu sözləri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru Əziz Ələkbərli parlamentdə keçirilən “Qərbi Azərbaycan toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək” mövzusunda ictimai dinləmədə deyib.
Onun sözlərinə görə, son 200 ildə ermənilər etnik təmizləmə aparıblar: "Ermənilər Azərbaycan və türk mənşəli toponimlərə münasibətdə həmişə qərəzli mövqe tutublar. Qərbi Azərbaycanda – indiki Ermənistanda türk mənşəli toponimlərin uzun illər boyu dəyişdirilib erməniləşdirilməsi faktlarla sübut olunub. Ermənilər bu torpaqlarda azərbaycanlıların izlərini silməyi qarşıya məqsəd kimi qoymuşdular".
İcma sədri bildirib ki, Ermənistan SSR-nin verdiyi fərmanla 1978-ci il yanvarın 25-də 93 yaşayış məntəqəsinin adı dəyişdirilib.
Bu toponimlərin dəyişdirilməsinin hüquqazidd olduğunu diqqətə çatdıran Ə.Ələkbərli Qərbi Azərbaycanın elektron xəritəsinin hazırlandığını deyib. Bildirib ki, xəritədə köhnə yer adları əks olunub.
**11:55
"Ermənistan tərəfindən Azərbaycan adlarına qarşı genosid aparılıb".
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Milli Məclisin Toponimiya komissiyasının sədri İsa Həbibbəyli parlamentdə “Qərbi Azərbaycan Toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının əsas tərkib hissəsindən biri tarixi toponimlərin bərpa edilməsidir: "Ermənistan SSR Ali Sovetinin rəsmi qərarı ilə 1946-1968-ci illərdə 663 yerin adları dəyişdirilib və erməniləşdirilib. Həmçinin, 1946-1954-cü illərdə 326 yer adı dəyişdirilib. Bu, açıq şəkildə Ermənistan tərəfindən Azərbaycan adlarına qarşı genosidin aparılması idi. Növbəti dalğa isə 1948-1953-cü illərdə olub, bu zaman 448 kənd tamamilə ləğv edilib və bu proses azərbaycanlıların sonuncu deportasiyasına qədər davam edib".
Komissiya sədri qeyd edib ki, dünyanın heç bir ölkəsində Ermənistanın Qərbi Azərbaycanda yürütdüyü siyasətə oxşar siyasətə rast gəlinməyib: "Bu adların dəyişdirilməsi azərbaycanlıların toponimlərinin Ermənistandan tamamilə silinməsi ilə nəticələnib".
**11:14
Milli Məclisdə Qərbi Azərbaycan toponimləri ilə bağlı ictimai dinləmə keçirilir.
Senzor.az-ın xəbərinə görə, "Qərbi Azərbaycan Toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək" mövzusunda keçirilən dinləmə parlamentin Regional məsələlər komitəsinin təşkilatçılığı ilə baş tutur.
Toplantıda Milli Məclis yanında Toponimiya komissiyasının üzvləri, Qərbi Azərbaycan İcmasının nümayəndələri, deputatlar iştirak edirlər.