Noyabrın 27-də Bakı şəhərində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze arasında üçtərəfli görüş keçirilib.
Senzor.az Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, görüşdə xalqlarımızın əsrlər boyu mehriban qonşuluq və dostluq şəraitində yaşadığı, bu gün də dövlət və hökumət başçılarımızın rəhbərliyi ilə bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi qeyd edilib. Bildirilib ki, qarşılıqlı etimada əsaslanan əməkdaşlıq xalqlarımızın rifahının təmin olunması baxımından böyük önəm kəsb edir.
Üçtərəfli görüşdə regionun təhlükəsizliyinə təhdid törədə biləcək amillərlə mübarizədə səylərin birləşdirilməsinin vacibliyi qeyd olunub. Müdafiə nazirləri üçtərəfli təlim və treninqlərin əhatə dairəsinin genişləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayıblar.
Müdafiə sahəsində üçtərəfli əməkdaşlığın genişlənməsinin sadəcə ölkələrimiz üçün deyil, eləcə də bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə də öz töhfəsini verəcəyinə əminlik ifadə olunub.
Görüşdə hərbi, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər aspektlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Sonda media nümayəndələri üçün mətbuat konfransı keçirilib və üçtərəfli görüşün yekununa dair protokol imzalanıb.
**18:04
"Görüşdə Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə qurumları arasında hərbi, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın inkişaf perspektivləri, müxtəlif növ birgə tədbirlərin keçirilməsi imkanları və digər əməkdaşlıq məsələləri barədə ətraflı fikir mübadiləsi apardıq".
Bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 27-də Bakıda Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ilə üçtərəfli görüşdən sonra keçirilən mətbaut konfransında deyib.
O bildirib ki, həmçinin görüş zamanı üçtərəfli formatda keçirilən təlim və treninqlərin intensivləşməsinin və səhra şəraitində keçirilməsinin əhəmiyyəti qeyd olunub: "Belə birgə təlimlərin keçirilməsi hərbi birləşmələrimiz arasında əməliyyat uzlaşmasının əldə olunmasına, üçtərəfli fəaliyyətlərimizin yeni mərhələyə keçməsi üçün zəminin yaradılmasına və nəticədə regional təhlükəsizliyə öz töhfəsini verəcək. Onu da qeyd edim ki, 2024-cü ildə Azərbaycanda üçtərəfli formatda müxtəlif hərbi əməkdaşlıq sahələri üzrə bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır".
**16:16
Bakıda Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze arasında üçtərəfli görüş keçirilir.
Senzor.az xəbər verir ki, iclasda dövlətlər arasındakı hərbi əməkdaşlıq müzakirə olunur.
Görüşdən əvvəl Azərbaycan-Gürcüstan, Azərbaycan-Türkiyə və Gürcüstan-Türkiyə müdafiə nazirləri arasında ikitərəfli formatda görüşlər keçirilib.