Almaniyalı fermerlər güzəştlərin ləğvinə etiraz əlaməti olaraq Frankfurt-Mayn hava limanı ərazisində növbəti etiraz aksiyası keçirirlər.
TASS xəbər verir ki, bu barədə DPA agentliyi yazıb.
Qeyd olunur ki, fermerlər hava limanına aparan bir neçə yolu bağlayıblar.
Aksiyaya gün ərzində 2 minə yaxın kənd təsərrüfatı texnikası cəlb olunacaq. Axşam saatlarına qədər hava limanına gedişin çox çətin olacağı gözlənilir. Şəhər polisi vətəndaşları şəxsi avtomobilləri ilə aeroporta getməkdən çəkinməyə çağırıb.
Xatırladaq ki, Almaniya hökuməti daha əvvəl 2024-cü il üçün büdcə qənaəti axtarmağa məcbur qalıb. Bu, Federal Konstitusiya Məhkəməsinin büdcədən 60 milyard avro xərclənməsini qadağan edən hökmündən sonra zəruri olub. Qənaətlərlə bağlı bəzi maddələr fermerlərə aid olub. Onların dizel yanacağı alışı zamanı endirimlərdən və vergi güzəştlərindən məhrum edilməsi nəzərdən keçirilib. Ölkənin Maliyyə Nazirliyinin hesablamalarına görə, bu addım büdcəyə hər il 480 milyon avro qənaət etməyə kömək edəcək. Bunun ardınca genişmiqyaslı etirazlar baş verib. Yanvarın 4-də məlum olub ki, Almaniya Nazirlər Kabineti planı korrektə edib: güzəştlər dərhal yox, tədricən, özü də tam həcmdə olmadan ləğv ediləcək. Fermerlər bununla da razılaşmayıb və etirazlarından əl çəkməyəcəklərini bildiriblər.
Alman fermerlər yanvarın 8-də etiraz aksiyalarına davam ediblər. Onlar Almaniyanın müxtəlif yerlərində federal magistrallardakı qovşaqları və yük limanlarındakı konteyner terminallarını bağlayıblar. Yanvarın 15-də Berlində genişmiqyaslı nümayiş keçirilib; etirazçılar Brandenburq qapısına 5 min kənd təsərrüfatı texnikası toplaya bilib.