Omanın Sultanı Heytəm bin Tariq Al Səid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edib.
Senzor.az xəbər verir ki, bu barədə Oman İnformasiya Agentliyi (ONA) məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Omanın Sultanı Azərbaycan Prezidentinə səmimi təbriklərini və ən xoş arzularını çatdırıb, ona möhkəm cansağlığı diləyib.
Heytəm bin Tariq Al Səid Prezident İlham Əliyevə dost Azərbaycan xalqını tərəqqi və firavanlığa aparan yolda uğurlar arzulayıb, iki ölkə arasında dostluq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib.
**16:28
Rusiyanın “SAFMAR Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Senzor.az xəbər verir ki, təbrik məktubunda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi təbrik edirəm.
Azərbaycan vətəndaşları xalqın əsl lideri, ölkənin sabit inkişafını təmin etməyə, onun suverenliyini qoruyub saxlamağa, dünyanın geosiyasi arenasında respublikanın mövqelərini möhkəmləndirməyə qadir olan güclü müdrik siyasi xadim kimi növbəti dəfə Sizi dəstəklədilər.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı və səadət, Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram".
**15:45
Qafqaz mənşəli Dağ Yəhudilərinin Ümumisrail Birliyinin sədri, Dağ yəhudilərinin parlament lobbisinin baş direktoru, xarici işlər nazirinin Qafqaz mənşəli yəhudilər üzrə müşaviri Pavel Yelizarov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Senzor.az-ın məlumatına görə, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Qafqaz mənşəli Dağ Yəhudilərinin Ümumisrail Birliyinin adından Sizə və bütün Azərbaycan xalqına seçkilərdə qələbəniz münasibətilə səmimi təbriklərimizi çatdırıram.
Azərbaycan ilə İsrail arasında əməkdaşlıq inkişaf edir və möhkəmlənir. Bu istiqamət atanız, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilib, Siz isə bu yolu uğurla davam etdirərək, Azərbaycanın İsraildə səfirliyini açaraq münasibətləri daha da möhkəmləndirdiniz. Bütün yəhudilər, xüsusən dağ yəhudiləri sevincli və kədərli vaxtlarda həmişə azərbaycanlılar üçün qardaş xalq olublar.
Prezident seçkilərində Azərbaycan xalqının seçimi bizi çox sevindirir. Mütləq əksəriyyət növbəti dəfə sübut etdi ki, Sizə tam etimad göstərir. Onlar müəyyənləşdirilmiş yolun gələcəkdə də davam edəcəyinə inanırlar".
**
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Senzor.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Azərbaycan Respublikasının Prezidenti kimi şərəfli vəzifəyə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə etmək üçün Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) nümayəndə heyətinə rəhbərlik etmək şərəfinə nail olmuşam. Seçkilər zamanı nümayiş olunan mütəşəkkillik, ədalət və inklüzivlik bizim komandamızda dərin xoş təəssürat yaratmışdır.
Son iyirmi il ərzində Azərbaycanın bənzəri olmayan yüksəlişinin təmin edilməsində Sizin uzaqgörən rəhbərliyiniz mühüm rol oynamışdır. Sizin iqtisadi inkişaf, infrastruktur və sosial təminat sahələrində nailiyyətləriniz Azərbaycanı dünya arenasında yüksəltməklə yanaşı, digər ölkələr üçün ilhamverici nümunə olmuşdur. Əminəm ki, yeni prezidentliyiniz dövründə Sizin rəhbərliyinizlə Azərbaycan xalqı və dövləti daha çox uğur əldə edəcəkdir.
Azərbaycan Respublikası Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı və “ŞƏT ailəsi”nin vacib üzvüdür. Bu xüsusda, ŞƏT-in fəaliyyətində Azərbaycan Respublikasının fəal iştirakına, həmçinin Sizin təşkilatımızın fəaliyyətinə göstərdiyiniz şəxsi dəstəyə görə minnətdarlığımı ifadə edirəm.
Zati-aliləri, Sizinlə və Azərbaycan hökuməti ilə sıx əməkdaşlığa hazır olduğumuzu bəyan edirəm. Qoy, Şanxay Əməkdaşlıq Təşkilatı və Azərbaycan arasında möhkəm və sarsılmaz tərəfdaşlıq qarşılıqlı anlayışı, sülhü və rifahı təşviq edərək daha da möhkəmlənsin!
Bizim Azərbaycana səfərimiz zamanı ŞƏT nümayəndə heyətinə göstərilən diqqət və qonaqpərvərliyə görə təşəkkür edirik.
Yenidən Prezident seçilməyiniz münasibətilə Sizi bir daha təbrik edirəm. Əminəm ki, Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə yeni zirvələrə çatacaq".
**13:53
İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Taha Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Senzor.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Baş katib İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib, ona ölkəmizin inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb.
O, Prezident İlham Əliyevin İslam həmrəyliyi işinə verdiyi töhfəni xüsusi vurğulayıb, eyni zamanda, işğaldan azad edilmiş torpaqlarımızda geniş abadlıq və quruculuq işlərinin həyata keçirilməsi ilə bağlı dövlət başçısına təbriklərini çatdırıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirərək, öz növbəsində Azərbaycanın bundan sonra da İslam Əməkdaşlıq Təşkilatının beynəlxalq nüfuzunun möhkəmləndirilməsi, təşkilatın inkişafı, üzv ölkələr arasında həmrəyliyin gücləndirilməsi işinə töhfəsini verəcəyini qeyd edib.
Dövlət başçısı Hissein Brahim Tahanı yenidən Azərbaycanda görmək istəyini ifadə edərək, onu ölkəmizə səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul olunub.
**
“İsrailin Dostları” Xaricdə Yaşayan Həmvətənlər Federasiyasının rəhbəri Aleksandr Şapiro-Suliman Prezident İlham Əliyevi seçkilərdə qələbə münasibətilə təbrik edib.
Senzor.az-ın məlumatına görə, təbrikdə deyilir:
"Möhtərəm cənab Prezident.
Prezident seçkilərində möhtəşəm qələbəniz münasibətilə Sizi təbrik edirəm. Sizə artıq Türk dünyasının Milli Qəhrəmanı deyə müraciət edə bilərik. Bu qələbə xalqın Sizə olan böyük hörmətinin, ehtiramının və inamının göstəricisidir.
Siz son 20 illik fəaliyyətinizlə dövlətinizi dünyada böyük nüfuz və söz sahibinə çevirdiniz. Siz on milyonlarla azərbaycanlının 30 illik Qarabağ həsrətinə elə bir ustalıqla son qoydunuz ki, bütün dünya buna heyran oldu, dostlar sevindilər, düşmənlər isə hikkələrindən boğuldular. Siz Ali Baş Komandan kimi bu möhtəşəm hərbi Qələbənizlə dünyaya separatizmin kökünü kəsməyin ən bariz nümunəsini göstərdiniz. Bu qələbələrinizi həzm edə bilməyən bəzi mənfur qüvvələr anlamalıdırlar ki, Sizin arxanızda dünyada yaşayan 50 milyondan çox azərbaycanlı dayanır. Sizə yeni prezidentlik dönəmində Azərbaycan naminə görəcəyiniz işlərdə uğurlar arzulayıram.
Möhtərəm cənab Prezident, mən bir müddət Azərbaycanda yaşamışam və bu ölkə mənə ikinci vətəndir. Dayanıqlı inkişafa və suverenliyin möhkəmlənməsinə söykənən bu qələbəniz hər birimizin uğurudur. Sizi bir daha təbrik edirəm. Nailiyyətləriniz hər zaman bol olsun, cənab Prezident!"