Polşa Prezidenti Andjey Duda Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Senzor.az-ın məlumatına görə, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır və bu şərəfli, həmçinin məsuliyyətli missiyanın yerinə yetirilməsində uğurlar arzulayıram.
Ümidvaram ki, Polşa ilə Azərbaycan arasında uzunmüddətli dostluq və məhsuldar əməkdaşlıq bundan sonra da dinamik inkişaf edərək həm dövlətlərimizə, həm də xalqlarımıza nəzərəçarpacaq faydalar gətirəcəkdir. Həmçinin ümid edirəm ki, ölkələrimiz arasında intensiv siyasi dialoqun davam etdirilməsi və ikitərəfli münasibətlər xüsusən də iqtisadi sahədə birgə layihələrin və öhdəliklərin həyata keçirilməsi yolu ilə davamlı şəkildə inkişaf etdiriləcəkdir. Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin yeni əməkdaşlıq Sazişi çərçivəsində daha da dərinləşəcəyinə və bunun ikitərəfli sahədə də nəzərəçarpacaq faydalar gətirəcəyinə ümidvaram.
Cənab Prezident, arzu edirəm ki, növbəti səlahiyyət müddətinizdə Azərbaycanın hərtərəfli inkişafı, ölkənin beynəlxalq aləmdə imicinin möhkəmləndirilməsi üçün nəzərdə tutduğunuz bütün proqramları həyata keçirəsiniz.
Bundan əlavə, mən Sizin üçün əlverişli vaxtda Polşaya rəsmi səfər dəvətimi bir daha təsdiq edirəm.
Cənab Prezident, Sizə cansağlığı, Azərbaycan Respublikasının möhkəmlənməsi və onun bütün vətəndaşlarının firavanlığı naminə fəaliyyətinizdə böyük uğurlar arzulayıram".
**14:42
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Süreyya Er Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Senzor.az bildirir ki, məktubda deyilir:
"Zati-aliləri cənab Prezident.
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Katibliyi adından və şəxsən öz adımdan Sizi 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
İlk dəfə olaraq seçkilərin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş qardaş Azərbaycanın bütün ərazisində keçirilməsi mühüm tarixi hadisə kimi qiymətləndirilir.
Xalqın rifahına və ölkənin hərtərəfli inkişafına yönəlmiş məqsədyönlü və uğurlu siyasəti təmin etməyə, respublikanın beynəlxalq aləmdə mövqeyini möhkəmləndirməyə qadir lider kimi növbəti dəfə bu şərəfli vəzifəyə seçilməyiniz Azərbaycan xalqının Sizə və siyasi kursunuza olan etimadının bariz nümunəsidir.
Bu xoş fürsətdən istifadə edərək, Sizi bir daha təbrik edir, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə və bütün təşəbbüslərinizdə uğurlar diləyirəm".
**13:30
AZİZ - Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının prezidenti Adam Amilov İlham Əliyevi prezident seçilməsi münasibətilə təbrik edib.
Senzor.az xəbər verir ki, təbrikdə deyilir:
"Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Bu il fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Şübhəsiz ki, bu qələbə xalqın Sizə olan etimadının bariz nümunəsidir. Azərbaycanın inkişafı istiqamətində atdığınız addımlarda Siz hər zaman qətiyyət nümayiş etdirmiş, xalqın rifahı üçün əlinizdən gələni etmisiniz.
Sizin müdrik rəhbərliyiniz sayəsində Azərbaycan xalqı öz tarixi torpaqlarına qovuşdu. Bu Zəfər bütün azərbaycanlıların qəlbində sevinc və qürur hissi yaratdı. Bunun nəticəsidir ki, Azərbaycan xalqı növbədənkənar prezident seçkilərində öz layiqli liderinin - Sizin namizədliyinizi mütləq səs çoxluğu ilə dəstəklədi.
Prezidentlik fəaliyyətinizin yeni dövründə Sizə uğurlar arzulayıram. Əminəm ki, bu uğurlar ölkənin davamlı inkişafında müstəsna rol oynayacaqdır".
**12:53
Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifədən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Senzor.az xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri Prezident İlham Əliyev.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz və xalqınızın Zati-alinizə inamının bir daha təsdiqi münasibətilə Sizə səmimi təbriklərimizi və xeyir-duamızı çatdırmaqdan məmnunluq hissi duyuruq.
Bəhreyn Krallığı və Azərbaycan Respublikası arasında bizim də diqqət yetirdiyimiz və yüksək dəyərləndirdiyimiz ikitərəfli münasibətlərə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Ölkələrimiz və xalqlarımızın maraqları naminə bu əlaqələri bütün sahələrdə möhkəmləndirmək istiqamətində Zati-alinizlə işləməyə ümidvarıq.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.
Zati-alinizə ən yüksək ehtiramımı bildirirəm".
**
Moldova Prezidenti Maya Sandu Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Senzor.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Maya Sandu İlham Əliyevi prezident seçkilərində qələbə münasibətilə təbrik edib, ölkənin inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb.
Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı ölkələr arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub, əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.