Avropa İttifaqı-Ermənistan münasibətləri müsbət dinamika ilə inkişaf edir.
Bu barədə Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Aİ-Ermənistan əlaqələrinin daha da inkişafı üçün potensial var:
“Bu gün Ermənistan XİN rəhbəri də bildirdi ki, onun ölkəsi Aİ ilə daha da yaxınlaşmağa hazırdır. Biz bu gün əməkdaşlıq gündəliyinin hazırlanması barədə qərar qəbul etdik. Bu ambisiyalı gündəlik münasibətlərimizin daha da irəliləməsi üçün yol xəritəsi olacaq”.
Ali Nümayəndə onu da qeyd edib ki, Aİ Ermənistanın nəqliyyat, əlaqələnmə, enerji təhlükəsizliyi sahəsində dayanıqlılığının artırılmasını, eyni zamanda, Ermənistanın Qara dəniz yaşıl dəhlizi və digər regional əlaqələnmə layihələrində iştirakını dəstəkləyir.
Borrell, bu gün Ermənistan XİN rəhbəri ilə regional vəziyyəti, Azərbaycan və Ermənistan arasında normallaşma prosesini müzakirə etdiklərini də diqqətə çatdırıb. Borrell deyib ki, o, sərhəddəki son insident barədə məlumatlandırılıb.
“Dünən sərhəddə Azərbaycan əsgərinin yaralanması xəbəri yayıldı. Bu, acınacaqlıdır”, - deyə vurğulayıb.
Borrell onu da əlavə edib ki, Aİ regionda suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı əsasında dayanıqlı və davamlı sülhün əldə olunmasına sadiqdir.
Qeyd edək ki, bu gün Avropa İttifaqı-Ermənistan Tərəfdaşlıq Şurasının iclası keçirilib. Tərəfdaşlıq Şurasının iclasına Aİ-nin Xarici işlər və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell, Ermənistan nümayəndə heyətinə isə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan rəhbərlik edib.
**17:00
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellə görüşüb.
Bu barədə Ermənistan XİN rəhbərinin "X" hesabında məlumat verilib.
Bildirilib ki, görüş Aİ-Ermənistan Əməkdaşlıq Şurasının iclasından əvvəl Brüsseldə baş tutub.
"İkitərəfli əməkdaşlıqda son nailiyyətlərə və bizim fəal işləyə biləcəyimiz perspektivlərə nəzər saldıq", - Mirzoyan qeyd edib.
Ermənistan XİN rəhbəri regiondakı son vəziyyət barədə Aİ-nin Ali Nümayəndəsini məlumatlandırıb.