Yaponiyanın keçmiş Baş naziri Şinzo Abenin rəsmi dəfn mərasimi Tokionun mərkəzindəki “Nippon Budokan” idman və konsert mərkəzində başlayıb.
TASS bildirir ki, bu, keçmiş Baş nazir Şiqeru Yoşidanın dəfn edildiyi 1967-ci ildən bəri ölkədə keçirilən ilk dövlət səviyyəli dəfn mərasimidir.
Mərasimin keçirildiyi kompleksin zalına Abenin külü olan qabın daşınma prosesi zamanı havaya 19 dəfə atəş açılıb.
İyulun əvvəlində sui-qəsd nəticəsində öldürülən keçmiş Baş nazir ilə vidalaşmağa 4000-dən çox insan, o cümlədən 700-ə yaxın xarici nümayəndə gəlib.
Onların arasında ABŞ-ın vitse-prezidenti Kamala Harris, Hindistanın Baş naziri Narendra Modi, Avstraliyanın Baş naziri Entoni Albaneze, Sinqapurun Baş naziri Li Syan Lun, Avropa Şurasının Prezidenti Şarl Mişel də var.
Xatırladaq ki, Abe iyulun 8-də seçkiqabağı mitinqdə güllələnərək qətlə yetirilib.
İyulun 12-də ailə üzvləri buddist dəfn mərasimi keçiriblər və onun meyiti kremasiya edilib.