
İstanbul Beynəlxalq Hava Limanına uçuş həyata keçirən 40-dan çox təyyarə əlverişsiz hava şəraiti səbəbindən digər hava limanlarına yönləndirilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, daxili reyslər üzrə 16 təyyarə Ankara Esenboğa, 8-i Sabiha Gökçen, 10-u İzmir Adnan Menderes, 2-si Balıkesir Koca Seyit, 2-si Çanaqqala və 1-i Antalya hava limanına yönləndirilib.
Beynəlxalq reyslərə gəlincə, 1 təyyarə İrana, 2-si Bolqarıstana, 1-i isə Yunanıstana istiqamətləndirilib.
Oktyabrın 14-də İstanbulda güclü yağış və fırtınalı külək nəqliyyatın hərəkətini bəzi ərazilərdə iflic edib. Rəsmi məlumatlara əsasən, şəhərdə yaşayış evlərinin su altında qalması ilə bağlı 1 277 hadisə və 15 torpaq sürüşməsi qeydə alınıb.
Güclü yağışlar bir çox küçə və prospekti çaylara çevirib, bəzi yeraltı keçidləri su basıb. Pik saatlarda avtomobil yollarında tıxacların səviyyəsi 89 faizə çatıb.
Əlverişsiz hava şəraiti insan itkisinə də səbəb olub. İstanbulun Fatih rayonunda su yığılan ərazidə elektrik cərəyanı vurması nəticəsində 14 yaşlı yeniyetmə həyatını itirib.
...İstanbul hakimiyyəti oktyabrın 15-i üçün şəhərdə sarı meteoroloji xəbərdarlıq elan edib. Proqnozlara görə, güclü yağışların günün sonunadək davam edəcəyi gözlənilir. Su basması, sel və palçıq axınları, eləcə də nəqliyyat və infrastrukturun fəaliyyətində fasilələr istisna edilmir.
Sakinlərə və turistlərə zərurət olmadıqda evlərini tərk etməmək tövsiyə olunub. İstanbulda məktəblərdə dərslər dayandırılıb, bəzi kateqoriyadan olan dövlət qulluqçuları üçün isə inzibati istirahət günü elan edilib.