
ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyinin nümayəndələrini bir daha öldürməyəcəyinə dair söz verdiyini açıqlayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Tramp bu barədə Arizona ştatında tərəfdarları qarşısında çıxışı zamanı danışıb.
“Onların liderləri ölüb. Problemlərdən biri də budur. Ola bilsin, həddindən artıq irəli getmişəm. İndi kiminlə danışıqlar aparacağımı belə bilmirəm”, – ABŞ lideri bildirib.
Trampın sözlərinə görə, İran rəhbərliyinin yüksək vəzifəli nümayəndələri öldürüldükdən sonra onların yerinə təyin edilən şəxslər də eyni aqibətlə üzləşiblər.
“Birinci səviyyəli rəhbərlər öldürüləndə ikinci səviyyəli rəhbərləri seçdilər. Onlar da öldürüləndə üçüncü səviyyəli rəhbərləri təyin etdilər. Onların da yarısı artıq ölüb. Məni daha heç kimi öldürməyəcəyimə söz verməyə məcbur etdilər və mən də söz verdim”, – Tramp deyib.
ABŞ Prezidenti iddia edib ki, hazırda heç kim İranın rəhbəri olmaq istəmir.
“İran İslam Respublikasının prezidenti olmaq istəyən yoxdur. Kim İran prezidenti olmaq istərdi? Zəhmət olmasa, əlini qaldırsın”, – o əlavə edib.
Tramp çıxışında İranın nüvə proqramına da toxunub. O, Tehranın nüvə silahına sahib olacağı təqdirdə Yaxın Şərqə, Avropaya və ABŞ-ın qərb sahillərinə zərbələr endirə biləcəyini iddia edib.
“Biz İranın nüvə silahına sahib olmamasını təmin etməli idik. Əgər onların belə silahı olsaydı, 24 saat ərzində istifadə edərdilər”, – Tramp bildirib.(Bax: https://www.youtube.com/shorts/gBqa5pCQT9s)