Yaponiyanın cənub-qərbində, Kyuşu adasındakı Kaqosima prefekturasında yerləşən Sakuracima vulkanı püskürüb.
TASS bildirir ki, bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, Minamidake kraterində baş verən püskürmə partlayışla müşayiət olunub.
Məlumata görə, 2020-ci ildən bəri ilk dəfə olaraq kül və tüstü sütunu beş min metr hündürlüyə qalxıb, daş və lava hissələri isə 1 300 metrə səpələniblər.
İnsanlara külək səbəbindən vulkan külü ilə bağlı xəbərdarlıq edilib.
Vulkanın ərazisində beş ballıq şkala üzrə üçüncü təhlükə səviyyəsi elan edilib. Meteoroloqlar vulkanik aktivliyin davam etməsi təhlükəsi barədə xəbərdarlıq ediblər.