"Azərbaycanda könüllü pensiya seqmenti hazırlanır".
Senzor.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı keçirdikləri birgə iclasda səsləndirilən təkliflərə cavabında deyib.
Onun sözlərinə görə, bu layihə Avropa İttifaqı ilə birlikdə həyata keçirilir.
Nazir bildirib ki, hazırda normativ hüquqi aktlar da aidiyyəti üzrə müzakirə edilir: “Lakin bir şeyi bilməliyik ki, könüllü pensiya sistemi icbari pensiya sistemini əvəz edən bir şey deyil. Dünyanın hər bir yerində könüllü pensiya sistemi icbari pensiya sisteminə əlavədir. Ona görə də bu sistemin qəbulu əvvəlkinin dayandırılması demək deyil”.
"Bu il ilk dəfə olaraq DSMF və Məşğulluq Agentliyinin konsalidə olunmuş audit hesabatı hazırlanıb və hazırda çap olunur. Həmin hesabat TOP 10-luğa daxil olan auditorlar tərəfindən hazırlanıb. Bundan sonra da hər il belə hesabatlar hazırlanaraq dərc olunacaq. Bu il müəyyən gecikmələr olub. Çünki yaranan tarixdən bu günə qədər olan aktivlərin dəyərləndirilməsi aparıldı. İcraya dair hesabat nəinki rüblük, hətta aylıq rəqəmləri onlayn olaraq Hesablama Palatası izləyir", - nazir əlavə edib.