
Noyabrda Bakı–Balakən–Bakı marşrutu üzrə müntəzəm sərnişindaşıma xidməti bərpa olunacaq.
Senzor.az bildirir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.
Məlumata əsasən, qatar Bakıdan noyabrın 20-dən, Balakəndən isə 21-dən etibarən hərəkət edəcək.
"Xatırladaq ki, bu marşrut üzrə sərnişindaşıma xidməti sel hadisəsindən zərər görmüş Qax-Zaqatala dəmir yol xəttinin təmiri ilə əlaqədər müvəqqəti dayandırılıb. Təmir işləri yekunlaşıb və qeyd olunan tarixlərdən Bakı-Balakən-Bakı marşrutu ilə səfərlərin bərpası təmin ediləcək", - ADY-dən qeyd edilib.
Yeri gəlmişkən, Bakı-Balakən-Bakı marşrutu üzrə sərnişin daşımaları bu il avqustun 1-də dayandırılmışdı.