“Ümumiyyətlə, soruşmaq lazımdır ki, dini şüar nə deməkdir? Dinin şüarı “Quran”da yazılıb. “Quran” ayələri də inşa edilən məscidlərin divarlarında əks olunub. Bundan o tərəfə hansı dini şüar ola bilər? Bu, artıq dini şüar olmaqdan çıxır, olur siyasi şüar. Bəzən də bunlar başqa dövlətlərin Azərbaycan ərazisində üstünlüyünü, ölkəmizdəki ayrı-ayrı qrupları idarə etməsini ifadə edən atributlardır. Azərbaycan polisi nə etməlidir? Əlbəttə, bütün dini şüarları küçələrdən yığışdırmalıdır. Hansı dini şüar ola bilər? Bu şüar sizin inancınızla bağlıdırsa, inanc insanın qəlbində, sözündə olur. Buyurun, ibadətinizi edin. Dini şüar adı ilə başqa ölkələrin hansısa ideoloji kursunu Azərbaycan məkanında həyata keçirmək nə deməkdir? Gedib həmin ölkələrdə bunu edə bilərsinizmi? Həmin ölkələrdə küçələrə, divarlara Azərbaycanın Qarabağla və başqa dəyərləri ilə bağlı bir şüarını yaza bilərsinizmi? Ona görə də bu, birbaşa başqa ölkələrdən idarə olunan prosesdir və bu prosesin qarşısı alınmalıdır”.
Bunları yerli KİV-ə açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.
Deputat bildirib ki, Azərbaycan dövləti, polisi bu məsələdə tamamilə haqlıdır və daha sərt davranmalıdır: “Kimlərsə dini inancını həyata keçirmək, ya da özü üçün din adına inanc kimi qəbul etdiyi hansısa prosesi icra etmək istəyirsə, bunu öz daxillərində, evlərində, hansısa məkanda həyata keçirirlərsə, buna kimsə maneə olmur ki... Amma kimsə şüarları küçələrə yazacaqsa, sonu nə olacaq? Onda İslama aid olmayan başqa dinlərin də bütün şüarlarını küçələrimizə, divarlara yazsınlar? Buna hansı dövlət icazə verər? Həm də Azərbaycanda dini yox, dünyəvi dövlətdir. Hər şey bu dövlətin qanunlarına uyğun idarə olunmalı, tənzimlənməlidir. Ona görə də bu məsələdə hər hansı güzəştə yol vermək olmaz”.
Qeyd edək ki, son zamanlar Azərbaycanın müxtəlif bölgələrində şiə din xadimləri dövlətin islamlaşdırılması ideyasını fəal şəkildə təbliğ etməyə və insanları fəal dini mübarizəyə çağırmağa başlayıblar.