4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin, daha dəqiq desək "The Mahdi Servants Union" (Mehdinin xidmətçiləri birliyi) adlı radikal dini qruplaşmasının hücumuna məruz qalıb. Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər.
Londondakı radikal “dindarlar”ı nə qəzəbləndirib?
“Mehdinin xidmətçiləri” təşkilatının mətbuat sözçüsü Hişam əl-Əsgər hadisə sonrası açıqlama yayıb. Açıqlamada qeyd olunur ki, Azərbaycanda guya şiə ayinlərə qarşı mübarizə var və “təşkilat” buna etiraz əlaməti olarq Azərbaycanın Londondakı səfirliyinə hücum edərək Mehdi bayrağını qaldırıb.
Maraqlıdır ki, “Mehdinin xidmətçiləri” bu günə qədər Azərbaycan mövzusuna heç zaman müraciət etməyib. Ümumiyyətlə, Azərbaycanda bu təşkilatın adını məlum hadisəyə qədər bilən çox az insan var.
Aydın məsələdir ki, “Mehdinin xidmətçiləri” bir kukladır, bu kuklanın iplərini əlində saxlayan və idarə edən güc var.
“Mehdinin xidmətçiləri” kimə xidmət edir?
Əslində bu sualın cavabı təşkilatın rəhbəri Yasir əl-Həbibin kimliyi və nələr etdiyində gizlənib.
Hazırda Londonda fəaliyyət göstərən 43 yaşlı radikal görüşlü din xadimi Yasir əl-Həbib 1979-cu ildə Küveytdə anadan olub. Əl-Həbib ali təhsilini Küveyt Universitetində siyasi elmlər üzrə alıb. Yəni o ilk növbədə siyasətçidir və bu elmə bələddir. Maraqlıdır ki, o məhz bu dövrdə siyasi fəaliyyətlə məşğul olub, eyni zamanda “Mehdinin Xidmətçiləri” təşkilatını yaradıb. Yəni o siyasi əməlləri üçün dindən istifadə edən şəxsdir.
O, ifrat görüşlərinə görə, xüsusən də Peyğəmbər (s) səhabələrini təhqir etməsi ilə tanınır. Hətta buna görə Küveytdə həbs də olunub. Həbsdən çıxdıqdan sonra İrana yollanan Əl-Həbib Qum şəhərində radikal görüşlü şiə din xadimi Ayətullah Məhəmməd Rza Şirazinin tələbəsi olub. Şirazi ailəsi ilə qohum olan Əl-Həbib Əl-Şirazinin həm də kürəkənidir.
Əl -Həbibin İranda yaşaması Qum şəhərində radikal görüşlü şiə din xadimi Ayətullah Məhəmməd Rza Şirazinin tələbəsi olması, onunla qohum olması İrana bağlı bir şəxs olduğu təəssüratı yaratsa da, əslində belə deyil. Məsələ ondadır ki, İranın molla rejimi bu radikal qruplaşmanı istehza ilə ''London şiələri'', qruplaşmanın liderini isə Britaniya kəşfiyyatına xidmət edən, “ingilis şiəsi” adlandırır.
Qeyd etmək lazımdır ki, Əl -Həbib İran hakimiyyətini “despotik rejim”, Ayətullah Seyid Əli Xameneini isə dəfələrlə “nüvə başlıqlı ayətullah” adlandırıb. Yəni o, mövcud İran rejiminə qarşı olan şəxsdir. Bunu təsdiqləyən digər bir fakt isə 2018-ci ildə Əl-Həbib tərəfdarlarının Londondakı İran səfirliyinə hücum etmələri, səfirlik binasındakı İran bayrağını endirərək özləri ilə gətirdikləri bayraqları qaldırmalarıdır.
Diqqətlə baxdıqda Əl -Həbib tərəfdarlarının 2018-ci ildə İran səfirliyində, eyni zamanda 4 avqust 2022-ci il tarixində isə Azərbaycan səfirliyində təşkil etdiyi aksiya eyni mahiyyəti daşıyır.
Əl-Həbibin məqsədi nədir?
Əl-Həbib və tərəfdarlarının Azərbaycan səfirliyinə təşkil etdiyi hücum əslində düşünülmüş və yaxşı işlənmiş plana əsaslanır. Əl-Həbib yaxşı bilir ki, bu hadisəyə görə Azərbaycan ictimaiyyəti İranı ittiham edəcək. Əslində bunun olmasında rəsmi Tehranın da payı az deyil. 44 günlük müharibə və sonrasında İranın Ermənistana verdiyi açıq dəstək, bir müddət öncə Azərbaycan sərhədləri yaxınlığında İran silahlı qüvvələrinin genişmiqyaslı hərbi təlimlər keçirməsi, Azərbaycan daxilində şiə inanclı şəxslərin İran tərəfindən rahatlıqla manipulyasiya edilməsi kimi hallar, bu gün bu və bu kimi insidentlərdə İranı bir nömrəli müqəssir halına gətirir.
Yasir Əl-Həbibin rəsmi London tərəfindən himayə edildiyi açıqdır. Hadisə zamanı polislərin müdaxilə etməməsi, London kimi bir şəhərdə səfirliyin rahatlıqla ələ keçirilməsi və bu halın 2018-ci ildə bir dəfə də təkrar edilməsi belə bir qənaətə gəlməyə əsas verir.
Hesab edirəm, Yasir Əl-Həbibin rəhbəri olduğu "Mehdinin xidmətçiləri" birliyinin Azərbaycan səfirliyinə hücum edib vandalizm aktı törətməsinin bir neçə məqsədi var.
Birincisi, Yasir əl-Həbib və onun rəhbəri olduğu "Mehdinin xidmətçiləri" birliyi bununla dünya ictimaiyyətinin diqqətini öz üzərlərinə çəkmək istəyirlər. Hesab edirəm ki, buna nail ola bildilər.
İkincisi, bu addımı indiki həssas situasiyada Azərbaycanla İran arasında açıq müstəvidə ciddi konflikt yaratmaq cəhdi kimi qiymətləndirmək olar.
Üçüncüsü, İran rejiminin əsas ideoloji və sosioloji auditoriyası olan Azərbaycanın şiə inanclı şəxsləri ilə Tehranın bağını kəsmək. Təşkilat aksiyanı Azərbaycanda şiə ayinlərə qarşı mübarizə olduğu üçün etdiyini açıqlayıb. Görünür, bununla təşkilat Azərbaycandakı şiə inanclı şəxslərə İrandan daha güclü, daha effektiv olduqlarını göstərməyə, beləcə elektoratlarının sayını artırmağa çalışır. Qısası, Azərbaycan şiələrinin dəstəyini qazanmağa çalışır.
Turan Rzayev,
politoloq