Dünən Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini ümumilikdə 10 dəfə atəşə tutub. Məlumata görə, 6 hadisə Azərbaycan - Ermənistan dövlət sərhədində, 4 hadisə isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə baş verib.
Ümid edirdik ki, "Qisas" əməliyyatı onlar üçün növbəti dərs olacaq. Lakin belə olmadı. Ermənilər Laçını boşaltmağa başlasalar da, provokasiyalar ara vermir. Əlbəttə, təxribatları Qarabağdakı terrorçu ermənilər törədir. Amma sülhməramlılar da bu məsələdə maraqlı ola bilərlər. Birincisi ona görə ki, Kreml Qarabağdakı mövcudluğunu qorumaq, mümkünsə, sülhməramlıların sayını artırmaq istəyir. İkincisi, indi Ermənistanda Qərblə Moskva arasında mübarizə-seçim gedir. Belə olan halda sülhməramlı "kartı" Rusiya üçün əsas "kozır"dır.
Lakin sabotajların arxasında kimin və hansı məqsədlərin dayanmasının bizim üçün heç bir fərqi yoxdur. Biz həm qarşı tərəfə, həm də vasitəçi Rusiyaya xəbərdarlıq etmişik. Bildirmişik ki, bu yolla İrəvanın vaxt udmasına imkan verə bilmərik. Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə fransalı həmkarı Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığında söylədi ki, gərginliyə görə Ermənistan hərbi - siyasi hakimiyyəti məsuliyyət daşıyır. Ermanistan bu xəbərdarlıqlardan dərs çıxarmaq fikrində olsa idi, təxribatlarını davam etdirməzdi. Deməli, özləri də sübut edirlər ki, Azərbaycana əks- hücum əməliyyatlarından başqa yol qoymurlar.
Əgər təxribatlar davam edərsə, yəqin ki, "Qisas"ın davamı da gələcək. Bunu hamı - Rusiya da, Ermənistan da, beynəlxalq təşkilatlar da bilməlidirlər.
Kənan Novruzov,
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti