Rusiya xüsusi xidmət orqanları ilə əlaqəsi olduğu iddia edilən “RaHDit” (Evil Russian Hackers) haker qrupu Krım körpüsünə son hücumda Türkiyədə fəaliyyət göstərən “Palmali” şirkətlər qrupuna məxsus və Azərbaycan Ordusunun şəhidlərindən birinin adını daşıyan tankerin əlinin olduğunu iddia edib.
Senzor.az bildirir ki, haqqin.az saytının dünən gecə yayımladığı məqalədə belə deyilir. Məqalədə həmçinin xatırladılır ki, haqqında söhbət gedən tanınmış gəmiçilik şirkətinin sahibi Azərbaycan əsilli iş adamı Mübariz Mənsimovdur.
Sayt yazır ki, hakerlərin fikrincə, nəzəri cəhətdən pilotsuz kamikadze dronları iki tankerdən buraxıla bilərdi: “Beks Loyal” və “Xudayar Yusifzadə”, çünki hücumdan bir neçə gün əvvəl onlardan biri Novorossiyskdən 100 kilometr uzaqda, ikincisi bir az cənubda olub və sonradan hər iki gəmi dənizdə qarşılaşıb.
“Beks Loyal” və “Xudayar Yusifzadə” tankerləri müvafiq olaraq Marşal Adaları və Liberiyanın bayraqları altında üzürlər və Malta ilə Yunanıstan limanlarında qeydiyyatdadırlar
Hakerlər Krım körpüsünə hücum üçün pilotsuz uçuş aparatlarının məhz bu vaxt bir tankerdən digərinə yükləndiyini ehtimal edirlər. RaHDit onu da qeyd edib ki, ola bilsin ki, kamikaze dronlarını idarə etmək üçün Krım körpüsünün birbaşa görünmə zonasında drift üzərində dayanan başqa bir gəmidən istifadə edilib.
“Beks Loyal” və “Xudayar Yusifzadə” adlı tankerlər müvafiq olaraq Marşal Adaları və Liberiya bayraqları altında üzür və Malta və Yunanıstan limanlarında qeydiyyatdadırlar.
İnternetdə ən populyar və ən çox istifadə olunan gəmi izləmə sistemlərindən biri olan Marine Traffic-in məlumatına görə, “Xudayar Yusifzadə” adlı tanker iyulun 5-də İzmail (Ukrayna) limanını tərk edərək iyulun 18-də Elefsis (Yunanıstan), “Beks Loyal” isə Tuzla (İstanbul, Türkiyə) limanını tərk edərək, iyulun 13-də Konstana limanına (18 iyul) çatıb. “Xudayar Yusifzadə” tankeri Palmali Gemicilik ve Acentelik AS (Palmali Shipping & Agency) qrupuna, “Beks Loyal” gəmisi isə Owner Beks Shipmanagement & Trading A.S.-ə məxsusdur.
Hakerlərin bəyanatı rəsmi dövlət agentliyi olan RİA Novosti də daxil olmaqla, çoxsaylı Rusiya KİV-ləri tərəfindən yayılıb.
Gəminin məxsus olduğu “Palmali Shipping & Agency” şirkəti gəmisinin Krım körpüsünə mümkün hücumda iştirakı ilə bağlı xəbərləri təkzib edib.
“RİA Novosti”nin yaydığı bəyanatda şirkət rəhbərliyi Krım körpüsünün sütunlarından birinin partlaması zamanı “Xudayar Yusifzadə” gəmisinin göstərilən ərazidən kənarda olduğunu təsdiqləyib.
Verilən məlumata görə, “Xudayar Yusifzadə” adlı tanker yüklənmək üçün Rostov-Don limanına gedirmiş. Lakin Kerç boğazında gəmilərin yığılması səbəbindən tankerin Rusiya sərhəd xidməti tərəfindən gömrük yoxlamasının gözləməsi gecikib, buna görə gəminin kirayəçisi müqaviləni ləğv edib və tanker yeni yük sifarişi ilə Elefsis limanına (Yunanıstan) istiqamət alıb.
Gəminin məxsus olduğu “Palmali Shipping & Agency” şirkəti gəmisinin Krım körpüsünə mümkün hücumda iştirakı ilə bağlı xəbərləri təkzib edib
“Beks Loyal” tankerinin sahibi olan Beks Ship Management And Trading S.A.-nın əməliyyatlar rəhbəri Efre Tunali Rusiya mətbuatına bildirib ki, onların gəmisi də hücum yerindən uzaqda olub.
“Dəniz Hərəkəti sistemindən aydın olur ki, hadisə baş verən zaman bizim tanker Krım körpüsündən 100 dəniz mili uzaqlıqda olub”, - Tunali bildirib. - Tankerin əvvəlki icarəçisi də, indiki də Rusiya vətəndaşıdır. Biz yalnız Rusiya mallarını daşıyırıq və buna görə də gəmimizin adının Krım körpüsünə hücumla bağlı hallanmasından çox narahatıq”.
Senzor.az