Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində ölkəmizdə səfərdə olan Anqola Respublikasının xarici işlər üzrə dövlət katibi Esmeralda Mendonsa ilə görüşüb.
Senzor.az xəbər verir ki, görüşdə iki ölkə arasında siyasi, iqtisadi, təhsil, kənd təsərrüfatı və s. sahələrdə mümkün əməkdaşlıq perspektivləri, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq üzrə fikir mübadiləsi aparılıb. Bu xüsusda, münasibətlərin inkişaf perspektivlərinin müzakirəsi üçün iki ölkə arasında siyasi məsləhətləşmələrin keçirilməsinin vacibliyi vurğulanıb.
Təhsil sahəsində Anqoladan tələbələrin Azərbaycan tərəfindən QH-ya üzv dövlətlərin vətəndaşları üçün nəzərdə tutulmuş təqaüd proqramlarına maraq göstərməsi məmnunluqla qeyd edilib.
Xarici işlər üzrə dövlət katibi Esmeralda Mendonsa Anqolanın Azərbaycan ilə müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu qeyd edib. Bu xüsusda, iki ölkə arasında əlaqələrin inkişafı üçün mövcud potensialdan istifadə edilməsi istiqamətində qarşılıqlı təmasların davam etdirilməsinin zəruri olduğu bildirilib. QH-nın COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşünün keçirilməsinin pandemiyadan sonrakı dövrdə əməkdaşlıq imkanlarının müzakirəsi üçün mühüm fürsətlərdən biri kimi əhəmiyyəti vurğulanıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
**23:33
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində ölkəmizdə səfərdə olan Qambiyanın xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar üzrə naziri Mamadu Tanqara ilə görüşüb, onu post-münaqişə dövründə bölgədə mövcud vəziyyət barədə ətraflı məlumatlandırıb.
Bu barədə Senzor.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Görüş zamanı Azərbaycan və Qambiya arasında əməkdaşlığın inkişafı, həmçinin regionda və dünyada mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
C.Bayramov, Azərbaycan və Qambiya arasında ikitərəfli, o cümlədən Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), həmçinin QH çərçivəsində əməkdaşlığın təqdirəlayiq olduğunu bildirib.
44 günlük Vətən Müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə mövcud mina təhlükəsindən bəhs edən nazir Ceyhun Bayramov, bu xüsusda artıq 282 nəfərin mina qurbanı olduğunu, habelə 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatından sonra Ermənistan tərəfindən 2021-ci ildə bu ölkədə istehsal olunmuş minaların Azərbaycan ərazilərində basdırılması faktlarını diqqətə çatdırıb.
Nazir Mamadu Tanqara öz növbəsində münasibətlərin daha da inkişaf etdirilməsi üçün mövcud potensialdan istifadə edilməsinin zəruriliyini qeyd edib. Qambiya naziri İƏT və QH-ya üzv dövlətlərin vətəndaşları üçün nəzərə tutulmuş təhsil qrantları və proqramlarında Qambiya vətəndaşlarının aktiv iştirak etdiyini diqqətə çatdırıb, bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi potensialını qeyd edib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
**20:27
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransa Respublikası Senatının üzvü, Fransa Parlamentində Konstitusiya hüququ, qanunvericilik, ümumi seçki hüququ və ümumi dövlət idarəçiliyi qaydaları üzrə Komissiyanın sədr müavini Natali Quleni qəbul edib.
Bu barədə Senzor.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Görüşdə nazir Ceyhun Bayramov Fransa Senatının üzvünün Azərbaycanın haqlı mövqeyinə göstərdiyi dəstəyi, ölkələrimiz arasında əməkdaşlığın inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib. Nazir ikitərəfli münasibətlərin inkişafına ola biləcək maneələrin birgə səylər əsasında qarşısının alınmasının vacibliyindən bəhs edib.
Tərəflər, Azərbaycan-Fransa münasibətlərinin hazırkı durumu, regional vəziyyət, Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması prosesi, azad edilmiş ərazilərdə mövcud mina təhdidi və tərəfimizdən aparılan minasızlaşdırma fəaliyyəti barədə məlumat verib.
**20:16
3 mart 2023-cü il tarixində, Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə iştirak etmək məqsədilə ölkəmizə səfər edən Uqanda Respublikasının xarici işlər naziri Odonqo Cece Abubakar ilə görüşüb.
XİN-dən Senzor.az-a bildirilib ki, görüşdə tərəflər Azərbaycan və Uqanda arasında siyasi, iqtisadi, kənd təsərrüfatı və digər ikitərəfli münasibətlərin perspektivləri, həmçinin beynəlxalq təşkilatlar, xüsusilə Qoşulmama Hərəkatı (QH) çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Azərbaycanın Hərəkata uğurla sədrlik etməsi, habelə Hərəkatın inkişafına töhfə verilməsi istiqamətində göstərdiyi qlobal təşəbbüslər məmnunluqla vurğulanıb. Azərbaycanın QH-ya sədrlik təcrübəsinin Hərəkatın növbəti sədri qismində Uqanda ilə bölüşülməsinin vacibliyi qeyd olunub. Tərəflər hər iki ölkənin xarici işlər nazirlikləri arasında ikitərəfli siyasi məsləhətləşmələrin keçirilməsinin mövcud münasibətlərin genişləndirilməsi baxımından əhəmiyyətini qeyd ediblər.
Görüş zamanı, nazir Ceyhun Bayramov həmsöhbətinə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, ölkəmizin ərazilərinin 30 ilə yaxın Ermənistan tərəfindən işğalı, mövcud mina təhdidləri, həmçinin azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri barədə ətraflı məlumat verib.
Görüş zamanı, digər qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
**18:14
3 mart 2023-cü il tarixində, Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə iştirak etmək üçün ölkəmizdə səfərdə olan Belarus Respublikasının Baş nazirinin müavini İqor Petrişenko ilə görüşüb.
XİN-dən Senzor.az-a verilən xəbərə görə, görüş zamanı iki ölkə arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluğu ifadə edilib.
Bu il Azərbaycan və Belarus arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin tamam olduğu, bununla bağlı il ərzində hər iki ölkədə bu əlamətdar tarixə həsr olunmuş tədbirlərin keçirilməsinin nəzərdə tutulduğu bildirilib.
Tərəflər iki ölkə arasında təhsil, elm, mədəniyyət, idman və gənclərlə iş sahəsində əməkdaşlığın dərinləşməsinin önəmini vurğulayıb. Tərəflər iki ölkə XİN-ləri arasında əməkdaşlığın inkişafının zəruriliyini diqqətə çatdırıb.
Belarus Respublikasının Baş nazirinin müavini İqor Petrişenko Azərbaycanın Belarus Respublikasına beynəlxalq təşkilatlar çərçivəsində dəstəyini məmnunluqla vurğulayıb. İqor Petrişenko həmçinin, ölkələrimiz arasında iqtisadiyyat və kənd təsərrüfatı sahəsində əməkdaşlığın davam etdirilməsinin zəruriliyini qeyd edib.
Görüşdə tərəflər ölkələrimiz arasında yüksək səviyyədə parlamentlərarası əlaqələrin mövcudluğunu qeyd ediblər.
Görüş zamanı, eyni zamanda digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
**16:26
Martın 3-də xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü çərçivəsində Bakıda səfərdə olan Yəmən xarici işlər naziri Əhməd Avad Binmubarak ilə görüşüb.
Senzor.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, görüş zamanı iki ölkə arasında iqtisadi-ticarət, humanitar, təhsil və digər sahələrində gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Nazirlər həmçinin beynəlxalq təşkilatlar, xüsusilə İslam Əməkdaşlıq Təşkilatı, habelə QH çərçivəsində əməkdaşlıq məsələri ətrafında fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov qarşı tərəfə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 illik işğal dövrü barədə ətraflı məlumat verib. Ölkəmizə qarşı Ermənistanın davam edən mina təhdidi diqqətə çatdırılıb.
Yəmən xarici işlər naziri Əhməd Avad Binmubarak ölkəmizin Qoşulmama Hərəkatı çərçivəsində fəaliyyəti, o cümlədən Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünün yüksək səviyədə təşkilinə görə təşəkkürünü ifadə edib. O, Yəmənin Azərbaycanla əməkdaşlığın möhkəmlənməsi və həmrəylik ruhunun dərinləşməsində maraqlı olduğunu ifadə edib.
Görüşdə həmçinin regional təhlükəsizlik məsələləri müzakirə edilib.
**13:08
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində Bakıda səfərdə olan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi ilə görüşüb.
Bu barədə Senzor.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Görüş zamanı Azərbaycan və Agentlik arasında əməkdaşlıq, habelə nüvə təhlükəsizliyi və zəmanətləri məsələləri, bölgədə cari vəziyyət müzakirə olunub.
Nazir Ceyhun Bayramov Agentliyin səlahiyyət dairəsinə daxil bir çox istiqamətlərdə uzun illərdən bəri birgə proqramlar həyata keçirildiyini, kənd təsərrüfatı, neft-kimya sənayesi, tibb və s. sahələrdə əməkdaşlıq səviyyəsindən məmnunluq ifadə edərək, digər bir sıra istiqamətlərdə də geniş perspektivlərin olduğunu vurğulayıb.
Görüş zamanı nazir həmçinin nüvə təhlükəsizliyinin təmin edilməsinə Azərbaycanın böyük əhəmiyyət verdiyini qeyd edərək, bu xüsusda Ermənistan tərəfindən köhnəlmiş texnologiyaların istifadə edildiyi Metsamor atom elektrik stansiyasının istismarı zamanı AEBA tərəfindən müəyyən edilmiş təhlükəsizlik standartlarına riayət edilməsinin vacibliyini vurğulayıb.
Baş direktor Qrossi Azərbaycanın AEBA üçün əhəmiyyətli tərəfdaş olduğunu qeyd edərək, keçirilən birgə layihələri məmnunluqla vurğulayıb, habelə nüvə təhlükəsizliyi və Agentliyin ixtisaslaşdığı digər sahələrdə Azərbaycan ilə əməkdaşlığın dərinləşdirilməsi perspektivlərinin mövcud olduğunu qeyd edib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb