Rusiya Müdafiə Nazirliyi (MN) Qara dəniz üzərində ABŞ pilotsuz uçuş aparatı (PUA) və qırıcı təyyarənin iştirakı ilə baş verən insidenti şərh edib.
Senzor.az xəbər verir ki, nazirlik martın 14-də səhər Rusiya Hərbi Kosmik Qüvvələrinin Krım yarımadası rayonunda sərhədi pozan MQ-9 PUA-sını qeydə aldığını, PUA-nın qəfil manevr nəticəsində hündürlüyü itirərək suya düşdüyünü bildirib. Rusiya MN-in məlumatında RF qırıcı təyyarələrinin silah tətbiq etmədikləri, PUA ilə kontakta girmədikləri və aerodroma qayıtdıqları qeyd olunub.
Hadisə ilə əlaqədar Rusiyanın Vaşinqtondakı səfiri ABŞ Dövlət Departamentinə çağırılıb.
Xatırladaq ki, bundan əvvəl Pentaqon Rusiyanın iki Su-27 qırıcısının Qara dənizdə ABŞ-ın MQ-9 pilotsuz uçuş aparatının qarşısını kəsməyə çalışdığını, təyyarələrdən birinin qəzaya uğraması zamanı isə MQ-9-un beynəlxalq sulara düşdüyünü açıqlayıb.
Pentaqon rəsmisi “Fox News”a açıqlamasında bildirib ki, ABŞ-a məxsus MQ-9 Reaper dronu Qara dəniz üzərində beynəlxalq hava məkanında və beynəlxalq sular üzərində missiyasını yerinə yetirərkən Rusiyaya məxsus Su-27 təyyarəsi ilə toqquşub.
Rəsminin sözlərinə görə, dron Krım yaxınlığında Qara dənizə düşüb.
O da qeyd edilib ki, ABŞ Prezidenti Co Bayden Qara dəniz üzərində Rusiya qırıcısının Amerikanın pilotsuz uçuş aparatı (PUA) ilə toqquşması barədə məlumatlandırılıb.
**21:35
Rusiyanın Su-27 təyyarəsi ABŞ-nin MQ-9 pilotsuz təyyarəsi ilə toqquşub.
TASS xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Avropa Komandanlığından bildirilib.
Məlumata görə, insident Qara Dəniz üzərində baş verib.
Vurğulanıb ki, uçuş zamanı Rusiya qırıcısı ABŞ PUA-sının pərvanəsinə toxunub. Toqquşmadan sonra PUA-nın beynəlxalq sulara düşdüyü qeyd olunub.
Hadisənin digər təfərrüatları açıqlanmayıb.