Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının Ankarada keçirilən iclasında Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb.
Senzor.az xəbər verir ki, o, regionda və dünyada baş verən hadisələrin nəqliyyat və kommunikasiyalar sahəsində əməkdaşlığın əhəmiyyətini artırdığını söyləyib.
C.Bayramov bu istiqamətdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni nəqliyyat infrastrukturunun yaradılması, o cümlədən Zəngəzur dəhlizinin fəaliyyətə başlaması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Bununla əlaqədar Azərbaycanın Orta Dəhlizin tranzit potensialından istifadəyə şərait yaradacaq bu səylərinin öz növbəsində regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə mühüm töhfə verəcəyinə dair inam ifadə olunub.
**12:12
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib.
Nazir deyib ki, Azərbaycan Türkiyənin bu ağır günündə qardaş ölkə ilə həmrəydir.
“Bu ağır günlərdə Azərbaycan-Türkiyə sarsılmaz qardaşlığı üzərində qurulmuş həmrəylik nümayiş etdiririk”, - o əlavə edib.
**11:51
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.
Senzor.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edək ki, Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir.
**10:58
Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb.
Senzor.az xəbər verir ki, toplantı TDT-nin “Fəlakət-Fövqəladə Halların İdarə Edilməsi və Humanitar Yardım” mövzusunda bu gün Ankarada keçiriləcək fövqəladə zirvə görüşü çərçivəsində keçirilir.
İclası Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu açıq elan edib.
O, zəlzələnin nəticələrinin aradan qaldırılması sahəsində ölkəsinə verdiyi dəstəyə görə TDT-yə üzv dövlətlərə təşəkkür edib.