Macarıstan hökuməti Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Rusiya Prezidenti Vladimir Putinin həbsi barədə ötən həftə verdiyi qərarla bağlı Avropa İttifaqının (Aİ) birgə bəyanatına veto qoyub.
Bu barədə “Bloomberg” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Macarıstanın vetosuna görə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Josep Borrell öz adından açıqlama verməyə məcbur olub. Bəyanatda bildirilib ki, Aİ BCM-nin qərarını “diqqətə alır”.
“Aİ BCM-nin qərarını Rusiya liderlərinin Ukraynada törətməyi əmr etdikləri, törətdikləri və təşviq etdikləri cinayətlərə və vəhşiliklərə görə məsuliyyətə cəlb olunması prosesinin başlanğıcı kimi görür”, - Borrell bildirib.
Eyni zamanda, Aİ-nin xarici işlər nazirləri Macarıstanın imzalamadığı Putinin həbsinə dair orderin verilməsi ilə bağlı öz bəyanatını veriblər.
“Bloomberg” qeyd edib ki, Macarıstanın mövqeyi bu həftə Brüsseldə keçiriləcək Aİ sammitində yenidən problemə çevriləcək.
Agentliyin müxbirləri Aİ liderlərinin “Ukraynalı uşaqların qanunsuz deportasiyası və daşınması ilə bağlı hərbi cinayətə görə Rusiya Prezidenti və Uşaq Hüquqları üzrə Müvəkkilin həbsi üçün bu yaxınlarda Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən verilən həbs orderlərini diqqətə alan” Avropa bəyanatının layihəsi ilə tanış olublar.
Borrelin bəyanatı da eyni üslubda olub.
Agentliyin mənbələrinə görə, bəzi Avropa dövlətlərinin liderləri daha sərt dildən istifadə etməyə çalışacaqlar.
"Report" xatırladır ki, Macarıstan Aİ ölkələri arasında ən rusiyameyilli mövqeyi ilə seçilir. Budapeşt Ukraynaya silah və sursat verməkdən də imtina edir.