ABŞ ordusu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriyadakı mövqelərinə aviazərbələr endirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb .
“Prezident Baydenin göstərişi ilə mən ABŞ Mərkəzi Komandanlığının qüvvələrinə bu gecə Suriyanın şərqində SEPAH ilə əlaqəli qrupların istifadə etdiyi obyektlərə yüksək dəqiqlikli aviazərbələr endirmək icazəsi verdim”, – ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib.
Hücumun İranın ABŞ bazasına endirdiyi zərbələrə cavab olaraq həyata keçirildiyi bildirilir. Xatırladaq ki, martın 23-də Suriyanın şimal-şərqindəki Həsaka vilayətində yerləşən koalisiya qüvvələrinin bazasındakı texniki xidmət obyektinə pilotsuz uçuş aparatları ilə hücum edilib. ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, pilotsuz uçuş aparatları İran mənşəlidir. Hücum nəticəsində 1 əsgər ölüb, daha 6 nəfər yaralanıb.