Futbol üzrə Azərbaycan millisi “Avro-2024”ün seçmə mərhələsinin ilk oyununda Avstriya yığmasının qonağı olub.
Senzor.az bildirir ki, Linz şəhərindəki “Raiffeisen Arena”da oynanılan və polşalı baş hakim Bartoş Frankovskinin idarə etdiyi matçda hesabı Avstriya millisi açıb. 28-ci dəqiqədə Marsel Sabitzer fərqlənib. Bir dəqiqə sonra Mixael Qreqoritş komandasının ikinci qolunu vurub. Matçın birinci hissəsi Avstriya millisinin üstünlüyü ilə başa çatıb – 2:0.
Meydan sahibləri ikinci hissəyə də fəal başlayıblar. Qarşılaşmanın 50-ci dəqiqəsində M.Sabitzer özünün ikinci, komandasının üçüncü qoluna imza atıb. Matçın 64-cü dəqiqəsində millimiz hesab arasındakı fərqi azaldıb. Belə ki, yığmamızın kapitanı Emin Mahmudov baxımlı qolla yadda qalıb. Beş dəqiqə sonra Avstriya millisi yenidən fərqlənib. Bu dəfə Kristof Baumqartner millimizi meydanın mərkəzinə dəvət edib.
Beləliklə, Avstriya millisi ilə oyunda Azərbaycan yığması 1:4 hesabı ilə məğlub olub.
Seçməmiz növbəti oyununu martın 27-də səfərdə İsveç millisinə qarşı keçirəcək.