Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə martın 30-da ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun oğlu, Çeçenistanın ilk prezidentinin adını daşıyan Əhməd Kadırovla görüşüb.
QMİ-nin mətbuat xidmətindən Senzor.az-a bildirilib ki, mübarək Ramazan ayında atasının salamlarını QMİ sədrinə yetirən qonaq nəfis şəkildə hazırlanmış Qurani-Kərimi Şeyxülislama hədiyyə verib.
Qonağı səmimi salamlayan şeyxülislam A.Paşazadə çeçen xalqının lideri olmuş Əhməd Kadırovla bağlı xatirələrini bölüşüb, onun adını daşıyan nəvəsini bu yaxınlarda ailə qurması münasibətilə səmimi-qəlbdən təbrik edərək ən xoş arzularını çatdırıb və xatirə hədiyyəsi təqdim edib.
Görüşdə Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksi iştirak ediblər.