Azərbaycan və Türkiyənin seysmoloji mərkəzləri arasındakı əməkdaşlıq məsələləri müzakirə olunub.
"Report" xəbər verir ki, qardaş Türkiyənin zəlzələ bölgəsinə səfər edən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları aprelin 6-da Türkiyə DİN-nin Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) Zəlzələ Departamentində olublar.
RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişlinin rəhbərlik etdiyi nümayəndə heyəti AFAD-ın Zəlzələ Departamentinin rəhbəri, professor Orhan Tatarla görüşüblər.
Görüşdə iki qardaş ölkənin seysmoloji mərkəzləri arasındakı əməkdaşlıq, bu ilin fevral ayının 6-da qardaş ölkədə baş verən dəhşətli zəlzələ və onun nəticələri, eləcə də azərbaycanlı seysmoloqların zəlzələ bölgəsində aparacağı geofiziki-seysmik tədqiqatlara dair məsələlər müzakirə olunub.
Müzakirələrdən sonra Azərbaycan seysmoloqları zəlzələ bölgəsinə yola düşüblər.
Xatırladaq ki, AMEA nəzdində RSXM-nin mütəxəssisləri zəlzələ bölgəsində dərinlik qırılmalarının hazırkı vəziyyətini, eləcə də yeni tikinti işləri aparılacaq ərazilərin seysmik qiymətləndirilməsini həyata keçirəcəklər.