Fransa Xarici İşlər Nazirliyi ikinci həftədir şiddətli döyüşlərin davam etdiyi Sudandan vətəndaşlarını və diplomatik heyəti təxliyəyə başladığını elan edib.
Bu barədə Fransanın BFMTV telekanalı məlumat yayıb.
BFMTV diplomatik mənbəyə istinadən xəbər verir ki, Sudanda 250-yə yaxın Fransa vətəndaşı yaşayır.
Daha əvvəl Rusiyanın Sudandakı səfiri Andrey Çernovol bildirmişdi ki, Sudanın paytaxtı Xartumda döyüş bölgəsində olan demək olar ki, bütün rusiyalılar səfirliyə yerləşdirilib.
Bundan əvvəl ABŞ-ın səfirlik əməkdaşlarını və onların ailə üzvlərini Sudandan təxliyə etdiyi məlum olub.
Qeyd edək ki, aprelin 15-də səhər saatlarında Sudanın paytaxtı Xartum və digər şəhərlərdə ordu ilə xüsusi təyinatlı qüvvələr arasında silahlı toqquşmalar baş verib. Ölkənin səhiyyə naziri qarşıdurmalarda ölənlərin sayının 600 nəfərdən çox olduğunu bildirib. Daha sonra Ramazan bayramı günlərində tərəflər arasında 3 günlük atəşkəs əldə olunub.("Report")