Türkiyənin Daxili İşlər Nazirliyinin Erzurum və Nevşehir şəhərlərində terrorla mübarizəyə qarşı keçirdikləri əməliyyat çərçivəsində 133 şübhəli şəxs saxlanılıb.
“Habertürk” xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib.
O deyib ki, əməliyyatlarda 864 nəfərlik şəxsi heyət, xüsusi təlim görmüş 10 it iştirak edib: “47 fərqli ünvanda əməliyyat keçirdik. Nəticədə ümumilikdə 152 şübhəli şəxsdən 133-ü ələ keçirildi”.
S.Soylunun sözlərinə görə, əməliyyat çərçivəsində hansısa itki olmayıb: “Əməliyyatlarımız bundan sonra da davam edəcək. Türkiyənin hər nöqtəsində narkotiklə mübarizəmizi davam etdirəcəyik. Narkotiklə mübarizə bizim prioritetlərimizdən biridir. Bu sahədə əsla geri addım atmayacağıq, narkotiklə mübarizədən imtina etməyəcəyik”.
Nazir söyləyib ki, zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində işlərin davam etdirilməsinə, seçkilər ərəfəsi olmasına baxmayaraq, Türkiyənin narkotiklə mübarizəsi müntəzəm olaraq davam etdiriləcək: “Narkotikin istehsalı, alqı-satqısı ilə məşğul olanlara demək istəyirəm ki, əməllərinizdən əl çəkin. Eyni ilə bu gün olduğu kimi, yenə gələrik və bağışlamarıq. Mütləq ələ keçiriləcəksiniz”.(“Report”)