Sahibə Qafarova TÜRKPA-nın 12-ci plenar iclasında çıxış edib
FOTO

Türkiyədə işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova aprelin 28-də TÜRKPA-nın “Daha ədalətli dünya üçün parlament diplomatiyası: enerji, miqrasiya, ərzaq” mövzusunda keçirilən 12-ci plenar iclasında çıxış edib.


Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Senzor.az-a verilən xəbərə görə, qardaş türk dövlətlərinin parlament sədrlərini və bütün iştirakçıları salamlayan Milli Məclisin sədri, bu iclasın əməkdaşlığın və birgə fəaliyyətin daha da genişlənməsinə təkan verəcəyinə inamını ifadə edib.


Spiker bildirib ki, qardaş ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əlaqələrin gündən-günə inkişaf etməsi və genişlənməsi məmnunluq doğurur. Xalqlarımızın iradəsindən qaynaqlanan dövlətlərarası dostluq münasibətləri ötən dövr ərzində ali və yüksək səviyyəli qarşılıqlı səfərlər, müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşməsi, çoxsaylı layihələrin uğurlu icrası ilə daha da zənginləşib.

Milli Məclisin sədri qeyd edib ki, qardaş Türkiyədə çoxsaylı insan tələfatına və dağıntılara səbəb olan zəlzələ bizləri olduqca sarsıtdı. Bununla belə, zəlzələnin fəsadlarının aradan qaldırılması dövründə atılan birgə addımlar dövlətlərimizin ağır günlərdə də həmrəy olduğunu təsdiq etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə Görüşünün keçirilməsi isə Türk dünyasında qarşılıqlı dəstəyi və hörməti bir daha bariz şəkildə nümayiş etdirdi.


Sahibə Qafarova diqqətə çatdırıb ki, güclü Türkiyə dövləti zəlzələnin nəticələrinin aradan qaldırılmasına nail olacaq. Bu il quruluşunun 100-cü ildönümünü qeyd edən Türkiyə Cümhuriyyətinin xüsusən son illərdə əldə etdiyi siyasi, iqtisadi, elmi və texnoloji tərəqqi bunu deməyə əsas verir. Spiker, Türkiyə Böyük Millət Məclisinin fəaliyyətə başlamasının 103-cü ildönümü münasibətilə təbriklərini çatdırıb.


Milli Məclisin sədri əminliklə bildirib ki, ölkələrimizin məsuliyyətli davranışları, irəli sürdüyü təşəbbüslər, onların qarşılıqlı əməkdaşlığı regionumuzda və daha geniş məkanda mühüm təhlükəsizlik, sabitlik və rifah amilinə çevrilib. Spiker, Türkiyə Respublikasının son 10 ildə 4 milyondan çox suriyalı qaçqına evsahibliyi etməsinin humanizm prinsiplərinin nümayiş etdirilməsi və miqrasiya proseslərinin mənfi nəticələrinin idarə edilməsi baxımından çox mühüm addım olduğunu qeyd edərək, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Qara Dəniz Taxıl Dəhlizi” təşəbbüsünü beynəlxalq ərzaq böhranının qarşısını alan mühüm faktor kimi dəyərləndirib.

Çıxışında regionda nəqliyyat infrastrukturunun inkişafı istiqamətində görülmüş işlərdən danışan Sahibə Qafarova deyib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi, Xəzərin qərb və şərq sahillərindəki limanların genişləndirilməsi nəticəsində ölkələrimiz Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafına mühüm töhfə veriblər. Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək Zəngəzur dəhlizinin açılması isə türk dünyasının coğrafi bağlantısını bərpa edəcək, nəticədə Şərq-Qərb nəqliyyat dəhlizinin əhəmiyyəti daha da artacaqdır.


Milli Məclisin sədri qeyd edib ki, ölkələrimizin zəngin neft-qaz ehtiyatlarının beynəlxalq bazarlara nəqli enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi rola malikdir. Onun sözlərinə görə, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini tamamilə dəyişib. Spiker diqqətə çatdırıb ki, hazırda Azərbaycan Avropa Komissiyası ilə imzalanmış “Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”na uyğun olaraq, Avropaya qaz təchizatının həcmini artırmaqla yanaşı, eyni zamanda, təchizatın coğrafiyasını da genişləndirir. Bir neçə gün bundan əvvəl Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiya şirkətləri ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu imzalandı. Digər tərəfdən, Azərbaycanda bərpaolunan enerjinin istehsalı və Avropaya ixracı üzərində də müvafiq işlər aparılır.


Tədbir iştirakçılarına Cənubi Qafqaz regionunda gedən proseslər haqqında məlumat verən spiker Sahibə Qafarova, qeyd edib ki, torpaqlarımızın Ermənistanın işğalından azad olunmasından dərhal sonra başladılmış genişmiqyaslı quruculuq işləri sürətlə davam edir. Görülən işlərin miqyasını təsəvvür etmək üçün təkcə bunu demək kifayətdir ki, 2021-2022-ci illərdə bu işlərə təxminən 4 milyard ABŞ dollarına yaxın vəsait xərclənib. Bu il isə yenidənqurma işlərinə ən azı 1.7 milyard ABŞ dolları ayrılacaq.


O xatırladıb ki, ötən ilin oktyabrında Azərbaycan və Türkiyə Prezidentləri işğaldan azad edilmiş torpaqlardakı ikinci beynəlxalq hava limanı olan Zəngilan hava limanının açılışında birgə iştirak etdilər. Hazırda Laçında üçüncü beynəlxalq hava limanının tikintisi davam edir. Artıq məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtması prosesinə start verilib və bu proses getdikcə daha böyük vüsət almaqdadır.

Milli Məclisin sədri bir daha diqqətə çatdırıb ki, Ermənistan tərəfindən basdırılmış 1 milyondan artıq mina hələ də görülən işlərə ciddi maneə törətməkdədir. İkinci Qarabağ Müharibəsindən sonra mina partlayışları nəticəsində 300-ə yaxın vətəndaşımız həlak olub və yaralanıb.


Spiker Sahibə Qafarova bildirib ki, Azərbaycan regionda uzunmüddətli sülh və sabitliyin təmin edilməsi üzrə səylərini davam etdirir. Təəssüf ki, Ermənistan ötən ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini rəsmən qəbul etməsinə baxmayaraq, hələ də danışıqlar masasına qayıtmaqdan yayınır, yalan iddialarla beynəlxalq ictimaiyyəti aldatmağa çalışır, sərhəddə və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hərbi təxribatlar törətməyə davam edir.


Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan bu təxribatların qarşısını almaq məqsədilə Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsi təsis edib. Bu, Azərbaycanın öz suveren ərazisinə münasibətdə qəbul etdiyi və bütün beynəlxalq hüquq prinsiplərinə və normalara uyğun legitim qərarıdır. Heç kim buna müdaxilə edə bilməz.

Spiker deyib ki, Ermənistan isə öz ölkəsində baş qaldırmaqda olan revanşist qüvvələri təhrik etməklə, etnik zəmində nifrəti və irqi ədavəti təşviq etməklə məşğuldur. Bu ölkədə Azərbaycan və Türkiyə bayraqları yandırılır, azərbaycanlı və türkiyəli siyasətçiləri qətlə yetirmiş erməni terrorçuların xatirəsinə İrəvanda abidə quraşdırılır, əsir götürülmüş azərbaycanlı hərbçilərə qarşı insanlığa sığmayan vəhşiliklər törədilir.


Sahibə Qafarovanın sözlərinə görə, Ermənistan anlamalıdır ki, regionda uzunmüddətli sülh, sabitlik və təhlükəsizliyin yaradılmasının yeganə yolu Azərbaycan və Türkiyə ilə sivil dövlətlərarası münasibətlərin qurulmasıdır. Bunun üçün isə, ilk növbədə Azərbaycanla beynəlxalq hüququn norma və prinsiplərinə uyğun sülh sazişini imzalamaq lazımdır.


Çıxışında Sahibə Qafarova həmçinin, TÜRKPA-ya üzv ölkələr arasında çoxtərəfli əlaqələrin dərinləşdirilməsində türk əməkdaşlıq qurumlarının rolu barədə də fikirlərini bölüşərək, deyib ki, bu qurumlar zaman keçdikcə öz fəaliyyətlərini təkmilləşdirməklə və ölkələrimizin ümumi maraqlarına uyğunlaşdırmaqla, qarşılıqlı əməkdaşlığın müxtəlif sahələrini əhatə edən səmərəli struktura çevriliblər. Bu mənada, Sahibə Qafarova parlament diplomatiyasının əhəmiyyətinin və rolunun getdikcə artdığı müasir dövrümüzdə TÜRKPA-nın fəaliyyətinin ölkələrimiz arasında birliyin və həmrəyliyin genişlənməsinə parlament dəstəyini təmin etdiyini, eyni zamanda türk dünyasının vahid mövqeyinin beynəlxalq parlament platformalarında eşidilməsinə imkan yaratdığını vurğulayıb. Onun sözlərinə görə, Assambleya çərçivəsində əməkdaşlığımız ölkələrimiz arasında siyasi, ticari-iqtisadi, mədəni-humanitar əlaqələrin inkişafına parlament diplomatiyasının töhfəsini təmin edir.

Sahibə Qafarova Assambleyanın fəaliyyətinin gücləndirilməsi ilə bağlı bir sıra təkliflərini səsləndirib. O, artıq pandemiya dövrünün geridə qaldığını nəzərə alaraq, qurumun komissiyalarının mövcud potensialından daha çox istifadə edərək, birgə tədbirlərin və qarşılıqlı səfərlərin sayının artırılması, bu çərçivədə, milli qanunvericiliklərin yaxınlaşdırılması və model qanunların işlənməsi məsələsinin də xüsusi aktuallıq kəsb etməsi ilə bağlı fikirlərini ifadə edib. Spiker bildirib ki, bu iclasa iki yeni model qanunun təqdim olunması məmnunluq doğurur. Onlardan biri – “Reproduktiv sağlamlığın qorunması haqqında” model qanun Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən hazırlanıb. Sahibə Qafarova həmçinin, TÜRKPA-nın Qadın Parlamentarilər və Gənc Parlamentarilər Qruplarının fəaliyyətinin daha da gücləndirilməsinin də ümumi maraqlarımıza cavab verdiyini qeyd edib.


Çıxışına yekun vuran Milli Məclisin sədri bildirib ki, bu il ölkəmizdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi qeyd olunur. Bu çərçivədə, o, Milli Məclisin bu yubileyə həsr olunmuş xüsusi iclasının keçiriləcəyini bildirib və həmkarlarını iclasda iştiraka dəvət edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.