Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında Türkiyənin ilk kosmonavtlarının adlarını açıqlayıb.
O, türkiyəli səyahətçilərin kosmosa uçuşunun 2023-cü ilin son rübünə planlaşdırıldığını söyləyib: “Alper Gezeravcı Hərbi Hava Qüvvələrində böyük uğurlar qazanmış qəhrəman türk pilotudur. O, Beynəlxalq Kosmik Stansiyada 14 gün qalacaq. Əvəzedici adı Tuva Cihangir Ataseverdir”. Tədbirdə Tuva Cihangir Ataseverin əslən Azərbaycan türkü olduğu bildirilib.
Ərdoğan əlavə edib ki, iki il əvvəl qlobal kosmos yarışında Türkiyəni yüksək liqalara daşıyacaq milli kosmik proqramı ictimaiyyətə açıqlandı:
"Bu gün xəyalları reallığa dönüşdürmək yoluna önəmli bir addım atırıq. May ayında başladığımız prosesdə biri əsas və bir ehtiyat olmaqla 2 kosmos səyahətçisini müəyyən etdik. İlk kosmos missiyasına çıxacaq dostumuz 14 gün beynəlxalq kosmos stansiyasında qalacaq. O bu missiyasında ölkəmizin hazırladığı 13 fərqli təcrübəni həyata keçirəcək".