“Qarabağ” Azərbaycan Premyer Liqasında 2022/23 mövsümünün qalibi olub.
Senzor.az bildirir ki, Ağdam klubu çempionluğu XXXIV turda səfərdə “Səbail”i məğlub etməklə rəsmiləşdirib.
Qurban Qurbanovun komandası 3:0 hesabı ilə qalib gələrək xallarını 87-yə çatdırıb. “Qarabağ” ən yaxın izləyicisi “Sabah”ı üç xal üstələyir. “Sabah” qalan üç oyunda qələbə qazansa belə, Ağdam klubuna çatması mümkün olmayacaq.
Bu, “Qarabağ”ın 10-cu çempionluğu olub. Komanda 1993, 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019, 2019/2020, 2021/2022 mövsümlərində də qalib adını qazanıb. Klub bu göstəricidə 9 dəfə çempion olan “Neftçi”ni geridə qoyub.
Qurban Qurbanov isə Ağdam təmsilçisinin sükanı arxasında 9-cu çempionluq sevincini yaşayıb.
“Sabah” cari mövsümü gümüş, “Neftçi” isə bürünc mükafatçı kimi başa vurmağı təmin edib. Bu da o deməkdir ki, 2023/2024 mövsümündə “Qarabağ” Azərbaycanı UEFA Çempionlar Liqasında, “Sabah” və “Neftçi” UEFA Konfrans Liqasında təmsil edəcəklər. Konfrans Liqasına üçüncü vəsiqəyə isə “Qəbələ” və “Zirə” iddialıdırlar.