Cənubi Afrika Respublikasının (CAR) Azərbaycan Respublikası ilə gözəl münasibətləri var.
Bunu Cənubi Afrika Respublikası Milli Assambleyasının sədri Nosivive Mapisa-Nqakula Milli Məclisin Ulu Öndər Heydər Əliyevə həsr olunmuş xüsusi iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.
“Mən Cənubi Afrika Respublikası Milli Assambleyasının spikeri, həmçinin 3 nəfər parlamentaridən ibarət nümayəndə heyətinin rəhbəriyəm. Bizim Azərbaycan Respublikası ilə gözəl münasibətlərimiz var. Biz həmçinin Qoşulmama Hərəkatının parlament forumunda yer alırıq. Hansı ki, bu forum Azərbaycan Milli Məclisinin sədri tərəfindən təsis edilib. Onu da qeyd edim ki, bu ilin əvvəlində Azərbaycan parlamentinin spikeri Cənubi Afrikada mənim qonağım oldu”, - o vurğulayıb.
Nosivive Mapisa-Nqakula CAR-la Azərbaycan arasında əlaqələrin inkişafından da danışıb.
“CAR-da sizin səfiriniz fəaliyyət göstərir və o da ölkələrimiz arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün aktiv şəkildə çalışır. Mən istərdim ki səfiriniz ölkələrimiz arasında turizm sahəsindəki əlaqələrin təşviqinə də yer ayırsın, çünki Azərbaycan sülhsevər ölkədir və inanıram ki, bir çox afrikalılar bura gələ bilər”, - o əlavə edib.(APA)