Türkiyədə "Millət İttifaqı"nın prezidentliyə vahid namizədi CHP sədri Kamal Kılıçdaroğlu və "ATA İttifaqı"na daxil olan Zəfər Partiyasının sədri Ümit Özdağ arasında görüş keçiriləcək.
Yerli KİV bildirir ki, görüş Ankara vaxtı ilə 13:30-da olacaq.
Əsas müzakirə mövzusu prezident seçkilərinin ikinci turu olacaq. CHP-dən görüşün keçiriləcəyi təsdiqlənib. Özdağ isə əvvəlcə Kılıçdaroğlu ilə ikilikdə, daha sonra isə "ATA İttifaqı"nın ilk turda prezidentliyə namizədi olmuş Sinan Oğanın iştirakı ilə üçlükdə görüş olacağını açıqlayıb.
Modern.az xatırladır ki, 14 mayda Türkiyədə həm parlament, həm də prezident seçkiləri keçirilib. Prezident seçkilərində heç bir namizəd 50%+1 səs toplaya bilmədiyi üçün mayın 28-də ikinci turun keçirilməsi qərara alınıb.
Dünən Oğanın Kılıçdaroğlu ilə görüşəcəyi barədə məlumat yayılmışdı. Oğan "Millət İttifaqı"na daxil olan Gələcək Partiyasının sədri Ahmet Davutoğlu ilə də eyni müzakirə üçün 3 saatlıq görüşüb. Bundan əvvəl Oğanın 2-ci turda kimi dəstəkləyəcəyi barədə qərarını 19 mayda açıqlayacağı deyilirdi.