İranın Sistan və Bəlucistan əyalətinin Pakistanla sərhədində azı altı iranlı sərhədçi ölüb.
Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Bildirilib ki, sərhəddə baş verən insident zamanı sərhəd qoşunlarının daha iki zabiti yaralanıb. Bazar günü gecə adı açıqlanmayan terrorçu birləşmənin üzvləri Seravan sərhəd alayının məsuliyyət zonasında İranın ərazisinə daxil olub. Toqquşmalar nəticəsində radikallar İran-Pakistan sərhədini keçərək İran ərazisini tərk etməyə məcbur olublar.
Agentliyin məlumatına görə, terrorçu birləşmənin sıralarında da itkilər var, lakin onların sayı açıqlanmayıb.
İran təhlükəsizlik qüvvələri bu hərəkətin nəticələrinin olacağını vəd edib. Hadisənin başvermə şəraitini aydınlaşdırmaq üçün hadisə yerinə polis rəhbərliyinin və sərhəd qoşunlarının nümayəndələri gəlib.