NATO-da müxtəlif fikirlər var və bildiyiniz kimi, NATO-da qərarlar konsensusla verilir. Ukraynanın NATO-ya üzvlüyü məsələsi ilə bağlı müzakirələr gedir və hətta bu gün bu istiqamətdə mənim bir neçə telefon danışığım da olacaq.
Bu barədə NATO Baş katibi Yens Stoltenberq Brüssel forumunda çıxış edərkən bildirib.
“Təbii ki, biz ukraynalıların NATO-ya üzvlüyü ilə bağlı ambisiyalarına cavab verməliyik. Heç kim deyə bilməz ki, bu məsələ ilə bağlı Vilnüs Sammitində qərar nə olacaq. Biz 31 üzvdən ibarət bir alyansıq və günün sonunda razılaşa, konsensusa gələ bilirik. Ukraynanın üzvlüyü ilə bağlı məsələyə gəlincə, üzvlərin razılaşdığı ortaq məqamlar var. Biz hamımız razılaşırıq ki, Ukrayna NATO-nun üzvü olacaq və əslində bu, ötən il Madrid Sammitində də açıq şəkildə bəyan olundu. Və 2008-ci ildən - bu məsələ irəli sürüləndən bəri dəfələrlə bu, bəyan olunub. Biz hamımız razılaşırıq ki, NATO-nun qapısı yeni üzvlər üçün açıqdır. Ukrayna nə zaman NATO-ya qoşulacaq buna Ukrayna və NATO qərar verir, Moskva deyil və Moskvanın buna veto qoymaq hüququ yoxdur. Ancaq eyni zamanda, biz hamımız razılaşırıq ki, indi bizim qarşımızda duran vəzifə Ukraynanın müstəqil, suveren ölkə kimi qalib gəlməsidir. Əgər Ukrayna qalib olmasa, deməli, üzvlük məsələsi ilə bağlı da müzakirə olmayacaq. Düşünürəm ki, hər kəs anlayır ki müharibənin ortasında olan ölkənin üzv olması gündəlikdə olan bir məsələ deyil. Və bu gün əsas məsələ müharibə bitdikdən sonra nə olacağıdır”, - Baş katib qeyd edib.(APA)