Ukraynanın paytaxtı Kiyev iyunun 2-nə keçən gecə Rusiya ordusunun İran istehsallı kamikadze dronlarının və qanadlı raketlərinin növbəti hücumuna məruz qalıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, hava həyəcanı siqnalından sonra paytaxtda hava hücumundan müdafiə sistemləri işə düşüb və partlayış səsləri eşidilib.
Kiyev Regional Hərbi Administrasiyasının yaydığı məlumata görə, Rusiyanın hava hücumu zamanı Kiyev səmasında 30-dan çox pilotsuz təyyarə və raket vurulub. Raket buraxılışları Xəzər regionundan Tu-95MS strateji bombardmançı təyyarələrindən, ehtimal ki, X-101/555 tipli qanadlı raketlərlə həyata keçirilib. Eyni vaxtda PUA-larla Kiyevə müxtəlif istiqamətlərdən hücum edilib.
Kiyev şəhər meri Vitali Kliçkonun açıqlamasına görə, zərərsizləşdirilən raket və kamikadze dronlarının qalıqlarının düşməsi nəticəsində Podol rayonunda yanğın baş verib.
Həmçinin, Kiyev merinin sözlərinə görə, Darnitski rayonunda hava hücumundan sonra yolun hərəkət hissəsində yanan raket parçaları tapılıb.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumatda bildirib ki, iyunun 2-nə keçən gecə Rusiya hərbçiləri Ukrayna ərazisinə 15 qanadlı raket və 18 kamikadze dronu ilə hücum ediblər.