Avropa İttifaqı Mərkəzi Asiya regionu ilə əməkdaşlığı dərinləşdirmək istəyir.
Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Qırğızıstanda keçirilən Aİ-Mərkəzi Asiya ölkələrinin ikinci sammitindən sonra mətbuat konfransında deyib.
“Mən bu regiona aydın bir mesajla gəlmişəm: Avropa İttifaqı sizin regiona sadiqidir və biz əməkdaşlığımızı daha dərinləşdirmək istəyirik. Bu gün baş tutan bu görüş də bu istəyin sübutudur.
Aİ Mərkəzi Asiya regionunun etibarlı və proqnozlaşdırıla bilən tərəfdaşıdır", - Şarl Mişel qeyd edib.
O vurğulayıb ki, Aİ, üzv ölkələr və maliyyə institutları bu regionla komanda şəklində işləyir, layihələr həyata keçirirlər.
Aİ Şurasının Prezidenti qeyd edib ki, regionlar arasında ikitərəfli əməkdaşlığı yeni mərhələyə keçirmək üçün potesial var.
"Regionlarımızın daha təhlükəsiz olmasında və xalqlarımızın rifahında Mərkəzi Asiya Aİ-yə güclü və etibarlı tərəfdaş kimi arxalana bilər”, - Şarl Mişel bəyan edib.(APA)