İyunun 4-ü saat 20:10 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinə məxsus kvadrokopterin Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin üzərində kəşfiyyat xarakterli uçuş apardığı müşahidə edilib.
Senzor.az bildirir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində mövqelərimiz üzərində uçuş həyata keçirməyə cəhd göstərən kvadrokopterin fəaliyyətinin qarşısı alınıb.
Bundan başqa, saat 18:25 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb.
**15:27
İyunun 4-ü saat 04:20-dən saat 13:55-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri atəşə tutulub.
Senzor.az bildirir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Bundan başqa, saat 12:20 radələrində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.