İyunun 7-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Slovakiya Respublikasına işgüzar səfəri çərçivəsində Slovakiyanın Baş naziri Lüdovit Odor ilə görüşüb.
Bu barədə Senzor.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan və Slovakiya arasında siyasi, iqtisadi, enerji təhlükəsizliyi, mədəni, turizm, humanitar və s. sahələr üzrə əməkdaşlıq gündəliyində duran məsələlər, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
C.Bayramov iki ölkə arasında mövcud dialoq, qarşılıqlı səfərlər və təmasların, o cümlədən siyasi məsləhətləşmələrin münasibətlərin inkişafına mühüm töhfə verdiyini bildirib. Bu istiqamətdə, əlaqələrin daha da inkişafı istiqamətində Azərbaycan və Slovakiya arasında mövcud müqavilə-hüquq bazasının genişləndirilməsinin əhəmiyyəti vurğulanıb və səfər çərçivəsində imzalanmış sazişin əhəmiyyəti qeyd olunub.
C.Bayramov işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərindən bəhs edən nazir Ceyhun Bayramov, Slovakiya şirkətlərinin və sərmayədarlarının da görülən işlərə verə biləcəyi mümkün töhfədən danışıb.
Baş nazir Lüdovit Odor Slovakiyanın Azərbaycanla münasibətlərin daha da inkişafında maraqlı olduğunu, bu istiqamətdə səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
**19:04
Ermənistan hökuməti iki Azərbaycan vətəndaşına qarşı işgəncə və ləyaqəti alçaldan rəftarın lazımi şəkildə araşdırılması və günahkarların məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görmək əvəzinə, onları uydurma ittihamlarla vətənə qaytarmaqdan imtina edir..
Bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxışı zamanı deyib.
Nazir bildirib ki, Azərbaycan beynəlxalq öhdəliklərinə sadiq və konstruktiv dialoqa açıq olmaqla yanaşı, beynəlxalq hüququn pozulmasına göz yummayacaq və beynəlxalq səviyyədə müvafiq addımlar atmaqda davam edəcək:
"Xüsusilə, Azərbaycan Ermənistanın beynəlxalq humanitar və insan hüquqlarını kobud şəkildə pozduğuna görə cavab verməsi, cəzalandırılmamış bənzəri olmayan cinayətlərinin günahkarlarını cəzalandırmaq və məsuliyyətə cəlb etmək üçün məhkəmə prosesləri başlatmışdır. Hesabatlılıq və təzminat qurbanların hüquq və mənafelərinin təmin edilməsinə xidmət etsə də və törədilmiş hüquqpozmaların qaçılmaz nəticəsi olsa da, onlar həm də mühüm qabaqlayıcı vasitədir və münaqişədən sonrakı həqiqi normallaşma və barışıq yolunda əsas ilkin şərtlərdən biridir.
Azərbaycan səmimiyyətlə inanır ki, Azərbaycan və Ermənistan arasında bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı tanınması və hörmətinə əsaslanan münasibətlərin normallaşdırılması regionda davamlı sülh və sabitliyin təmin olunmasının yeganə yoludur.
Biz normallaşma gündəmini birbaşa ikitərəfli danışıqlar yolu ilə irəli sürməkdə qətiyyətli və əzmliyik. Bu səydə biz həm də sülhsevər və firavan Cənubi Qafqaz məqsədi daşıyan beynəlxalq tərəfdaşlarımızın ədalətli və qərəzsiz dəstəyinə və yardımına arxalanırıq".
**
Azərbaycan normallaşma gündəliyinə sadiq qalır və ikitərəfli müzakirələrin gündəliyini formalaşdıran üç konkret istiqamət: dövlətlərarası münasibətlərin qurulmasına dair sazişin tezliklə imzalanması, dövlət sərhədinin delimitasiyası, və regionda nəqliyyat kommunikasiyalarının açılması üzrə qalan fikir ayrılıqlarını aradan qaldırmaq üçün Ermənistan tərəfindən qarşılıqlı siyasi iradə gözləyir.
Bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxışı zamanı deyib.
"Ermənistan tərəfindən Azərbaycanın, o cümlədən Qarabağ bölgəsinin suverenliyi və ərazi bütövlüyünün bəyan edilərək tanınması ehtiyatlı optimizm üçün zəmin yaradır. Bununla belə, həmişə olduğu kimi, əməllər sözlərdən daha yüksək səslə danışır. Ermənistan rəhbərliyinin bəyanatları bu ölkənin faktiki davranışında da öz əksini tapmalıdır ki, nəticədə irəliləyiş əldə olunsun", - C.Bayramov bildirib.
**
Ermənistan və Azərbaycan arasında təxminən otuz ildir davam edən silahlı münaqişənin başa çatması və hər iki dövlətin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət etmək öhdəliyi götürməsi ilə iki ölkə öz müstəqilliklərini bərpa etdikdən sonra ilk dəfə olaraq sülh əlçatandır.
Bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxışı zamanı deyib.
Nazir bildirib ki, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat əsasında silahlı münaqişə sona çatdıqdan sonra, 30 illik hərbi işğal dövründə Azərbaycan xalqının uzun illər ərzində məruz qaldığı əzab-əziyyətə, məhrumiyyətlərə və dağıntılara baxmayaraq, Azərbaycan Ermənistanla davamlı sülhün təmin edilməsi istiqamətində fəal iş aparır: "Münaqişənin başa çatması sülhün qurulması, sabitliyin möhkəmləndirilməsi, dinc birgə yaşayışın təmin edilməsi, barışıq gündəliyinin irəlilədilməsi, iqtisadi inkişafa və əməkdaşlığa sərmayə qoyuluşu üçün imkan və real perspektivlər gündəmə gətirir".
"Azərbaycan bu yanaşma ilə Ermənistana münaqişədən sonrakı normallaşma gündəliyini təklif edib. Hər iki tərəf bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və dövlət sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və onlara hörmətə əsaslanan dövlətlərarası münasibətlərin çərçivəsini təşkil edəcək ikitərəfli sazişin mətni üzərində danışıqlar aparır. Son bir neçə həftə ərzində Vaşinqtonda, Brüsseldə, Moskvada və Kişinyovda keçirilən danışıqlar tərəflərin əsas narahatlıqları daha yaxşı başa düşməsinə xidmət edib və bəzi məsələlərlə bağlı fikir ayrılıqlarını daraltmağa kömək edib", - nazir vurğulayıb.
**17:47
7 iyun 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Slovakiya Respublikasına səfəri çərçivəsində bu ölkənin xarici işlər və Avropa məsələləri üzrə naziri Miroslav Vlaxovski ilə görüşüb.
XİN-dən Senzor.az-a verilən xəbərə görə, nazir Ceyhun Bayramov və nazir Miroslav Vlaxovski arasında təkbətək müzakirələrdən sonra, hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.
Görüşdə tərəflər iki ölkə arasında siyasi, iqtisadi, energetika, turizm, təhsil, kənd təsərrüfatı, hüquq-müqavilə və mədəni-humanitar sahələrdə mövcud olan ikitərəfli əməkdaşlıq əlaqələri barədə fikir mübadiləsi aparıb. Bu il diplomatik əlaqələrin 30 illiyinin qeyd olunduğu, bu çərçivədə bir sıra mədəni tədbirlərin keçiriləcəyi diqqətə çatdırılıb.
Geniştərkibli görüş zamanı aparılan hərtərəfli müzakirələr zamanı əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə edən tərəflər, diplomatik təmsilçiliklərin genişləndirilməsi və yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşdirilməsi də daxil olmaqla ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi yollarını müzakirə ediblər.
Nazir C.Bayramov həmkarını post-münaqişə dövründə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, Ermənistanla sülh müqaviləsi üzrə aparılan danışıqların cari statusu və Ermənistan tərəfinin müxtəlif bəhanə və təxribatlarla bu prosesi ləngitməsi, eləcə də mina təhdidləri barədə məlumat verilib. İşğaldan azad olunmuş Azərbaycan ərazilərində aparılan bərpa və yenidənqurma işləri və bu prosesdə Slovakiya şirkətlərinin iştirakı qeyd olunub. Bununla yanaşı, minaların təmizlənməsi sahəsində Slovakiyanın müvafiq mina təmizləyən avadanlıqların əldə edildiyi, bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyi bildirilib.
Slovakiya naziri Azərbaycanla ikitərəfli münasibətlərə olduqca böyük əhəmiyyət verildiyini və bu əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu qeyd edib. O, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və regionda davamlı sülhün təmin olunması istiqamətində Avropa İttifaqı tərəfindən həyata keçirilən səylərə ölkəsinin dəstəyini diqqətə çatdırıb.
Geniş tərkibli görüşdən sonra, nazirlər Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Sazişi imzalayıblar.
Daha sonra keçirilmiş mətbuat brifinqində media nümayəndələrinin suallarını cavablandıran nazirlər keçirilən ikitərəfli görüş zamanı müzakirə olunan mövzular və əldə olunan nəticələr barədə məlumat veriblər, jurnalistlərin suallarını cavablandırıblar.
Hər iki nazir Azərbaycan-Slovakiya əlaqələrinin həm ikitərəfli müstəvidə, həm də çoxtərəfli formatlar çərçivəsində daha da inkişaf etdirilməsinə dair qətiyyət ifadə ediblər.
**16:16
Azərbaycan və Slovakiya arasında ikiqat vergitutmanın aradan qaldırılması haqqında saziş imzalanıb.
Senzor.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində məlumat paylaşılıb.
Bildirilib ki, Azərbaycan və Slovakiya arasında ikiqat vergitutmanın aradan qaldırılması və gəlirlərə görə vergidən yayınmanın qarşısının alınması haqqında saziş Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun bu ölkəyə səfəri çərçivəsində imzalanıb.
Sənədin iki ölkə arasında ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə töhfə verəcəyi qeyd olunub.
**14:16
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kollar ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "Twitter" hesabında bildirib.
Görüşdə tərəflər Azərbaycan - Slovakiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi ətrafında müzakirələr aparıb, regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi ediblər.