Azərbaycanla Özbəkistan arasında münasibətlərin inkişaf etdirilməsi üçün yeni mexanizmlər tətbiq edilir.
Bunu Özbəkistanın ölkəmizdəki səfiri Baxrom Aşrafxanov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Özbəkistanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan-Özbəkistan münasibətləri və Özbəkistanda keçiriləcək növbədənkənar prezident seçkilərinə həsr olunmuş dəyirmi masa çərçivəsində çıxışı zamanı deyib.
Diplomat qeyd edib ki, bu mexanizmlərin tətbiqi də öz növbəsində ölkələrarası münasibətlərin inkişafına öz töhfəsini verir.
Səfirin sözlərinə görə, Azərbaycanla Özbəkistan münasibətlərinin qorunub saxlanılması və möhkəmləndirilməsi üçün ölkə başçılarının rolu olduqca böyükdür: “Özbəkistan daim Azərbaycanla əlaqələrin yüksək səviyyədə təmin edilməsinə böyük əhəmiyyət verir. Son zamanlar ölkələrimiz arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin artması da münasibətlərin inkişafına təkan verməklə yanaşı, münasibətlərin bünövrəsini daha da möhkəm edir. Ölkələrarası münasibətlərin inkişafı şübhəsiz ki, hər iki qardaş xalqın maraqlarına xidmət edir”.
Səfir Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana mart ayındakı səfərini vurğulayıb: “Bildiyiniz kimi, 1 mart tarixində Bakıda keçirilən Qoşulmama Hərəkatının iclası çərçivəsində ölkələrimizin liderləri arasında baş tutan dialoqlar da iki qardaş ölkənin əlaqələrinə müsbət istiqamətdə təsir edib. Azərbaycan və Özbəkistan həm Qoşulmama Hərəkatı, həm də digər beynəlxalq platformalarda yüksək səviyyəli əməkdaşlıq edir və bir-birini dəstəkləyir”.