Haliç Konqres Mərkəzində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Erdoğanın da iştirakıyla Türkiyə İxracatçılar Məclisinin (TİM) Ümumi Yığıncağı və İxracat Çempionlarının mükafatlandırılması mərasimi keçirilib.
Senzor.az bildirir ki, bu il ixracat rəqəmləri üzrə Türkiyənin ən qabaqcıl 1000 şirkəti arasından ilk 10-luğa daxil olan şirkətlər təltif edilib.
SOCAR Türkiyənin qrup şirkətlərindən olan “SOCAR” Petrol Ticareti şirkəti də bu il ilk 10-luğa daxil olaraq müvafiq mükafatı qazanmaq şansı əldə edib.
“SOCAR” ilk 10-luq içərisində 3-cü yerə layiq görülüb. Hər il təşkil olunan bu tədbirlər planı, TİM missiyasının bir hissəsidir.
1993-cü ildə qurulan Türkiyə İxracatçılar Məclisinin əsas missiyası, Türkiyənin xarici ticarət həcmini artırmaq, xarici ticarətin inkişafını təmin etmək, ticari tərəfdaş ölkələr ilə ikili ticarət, sosial və mədəni əlaqələri inkişaf etdirmək, dövlət ilə ixracatçılar arasında ünsiyyətin davamlılığını təmin etməkdir. Qurum 27 sektor, 61 ixracatçı birliyi ilə 100 mindən çox ixracatçını təmsil edir.
“SOCAR”ın vitse-prezidenti Süleyman Qasımov qeyd edib ki, SOCAR-ın törəmə müəssisəsi olan “Petkim”in Türkiyənin top ixracatçı müəssisəsi arasında yer alması qürurvericidir. Azərbaycanla yanaşı qardaş Türkiyənin ixracatına verdiyimiz töhfələrin xüsusi dəyərləndirilməsi, gələcək fəaliyyətimizdəki uğurları müəyyən edir.
Qeyd edək ki, Türkiyə Nazirlər Kabinetinin qərarı ilə qurulan TİM, 2009-cu ildən etibarən yeni qanunvericilik əsasında fəaliyyətini davam etdirir. Ötən il TİM “2021-ci il İxracat Çempionları” siyahısında “SOCAR Türkiyə” 8-ci yerə layiq görülmüşdü.
Həmçinin “SOCAR Türkiyə”nin törəmə müəssisəsi olan "Petkim" TİM-in “İlk 1000 ixracatçı” siyahısında 22-ci sırada yer alıb. Ötənilki mükafatlandırma mərasimində SOCAR adına mükafatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarova təqdim etmişdi.