Milli Məclisin sədri Sahibə Qafarova Avstriya Respublikasına rəsmi səfəri çərçivəsində iyunun 20-də bu ölkənin Milli Şurasının Sədri Volfqanq Sobotka ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Senzor.az-a verilən xəbərə görə, əvvəlcə tərəflər arasında təkbətək görüş keçirilib. Görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib. Azərbaycan parlament rəhbərini səmimiyyətlə salamlayan Volfqanq Sobotka deyib ki, Milli Məclis sədrinin bu səfərinin parlamentlər arasında əlaqələrin inkişafı ilə bağlı qarşılıqlı niyyətin mühüm göstəricisidir. Parlamentlər səviyyəsində əlaqələrin əhəmiyyətini qeyd edən Milli Şura sədri, ölkələrimiz arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluğunu bildirib. O, deyib ki, Azərbaycan və Avstriya arasında əməkdaşlığın böyük potensialı var. Xüsusilə, iqtisadi əlaqələri daha da gücləndirə bilərik. Volfqanq Sobotka vurğulayıb ki, Azərbaycan Avropa üçün mühüm iqtisadi tərəfdaş, etibarlı enerji təchizatçısıdır.
O, həmçinin Avstriyanın BMT Təhlükəsizlik Şurasının qeyri – daimi üzvlüyünə namizədliyinə göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.
Qanunvericilik orqanları arasında münasibətlərimizin inkişafında qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyətindən danışan Milli Şura sədri Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə Afinada keçirilən görüşünü və aparılan danışıqları məmnunluqla xatırlayıb. O, həmçinin, Milli Şura sədrinin müavinlərinin Bakıya səfərlərini qeyd edərək, gələcəkdə də yüksək səviyyəli rəsmi səfərlərin davam edəcəyinə inamını ifadə edib.
Milli Məclisin sədri Sahibə Qafarova, səfərə dəvətə və göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O, bu səfərin Milli Məclisin sədri səviyyəsində Avstriyaya ilk rəsmi səfər olduğunu qeyd edərək, inamını bildirib ki, bu səfər ölkələrimiz və parlamentlərimiz arasında əməkdaşlığın daha da inkişafına və genişlənməsinə töhfə verəcək.
Azərbaycan və Avstriyanın dost və tərəfdaş ölkələr olduqlarını deyən Milli Məclisin sədri qeyd edib ki, ötən il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olub. Bu illər ərzində ikitərəfli münasibətlər uğurla inkişaf edib.
Spiker Sahibə Qafarova bildirib ki, yüksək səviyyəli səfərlər və görüşlər ikitərəfli əlaqələrin inkişafında müstəsna rol oynayır. Bu mənada, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Avstriyaya, Avstriya Respublikasının Prezidenti Haynts Fişerin ölkəmizə səfərlərini xüsusilə qeyd edib.
Azərbaycan və Avstriya arasında imzalanmış sənədlərin əhəmiyyətini qeyd edən Sahibə Qafarova, bu çərçivədə, deyib ki, 2013-cü ilin mayında imzalanmış “Azərbaycan Respublikası və Avstriya Respublikası arasında dostluq münasibətləri və tərəfdaşlığa dair Birgə Bəyannamə” ölkələrimiz arasında əlaqələrin genişlənməsi üçün böyük əhəmiyyət kəsb edir.
Spiker, ölkələrimiz arasında iqtisadi -ticari əlaqələrin uğurla inkişaf etdiyini bildirərək, əlavə edib ki, “İqtisadiyyat, kənd təsərrüfatı, sənaye və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiya”-nın fəaliyyəti bu istiqamətdə mühüm platforma rolunu oynayır. O, Azərbaycanda mövcud olan investisiya mühiti barədə məlumat verərək, deyib ki, Avstriya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir və bir sıra mühüm layihələrin icrası Avstriya şirkətlərinə etibar edilib. Sahibə Qafarova Avstriya şirkətlərinin Azərbaycanda xüsusən işğaldan azad olunmuş ərazilərimizdə bərpa olunan enerji, kənd təsərrüfatı, sənaye sahələrində reallaşdırılan layihələrdə iştirakının daha da genişləndirilməsinin ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə töhfə verəcəyinə inamını ifadə edib.
Parlamentin spikeri, iqtisadi sahədə əməkdaşlıqla yanaşı, humanitar, o cümlədən təhsil, elm və mədəniyyət sahələrində əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
Görüşdə Milli Məclisin sədri ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində mövcud olan əməkdaşlığın və qarşılıqlı dəstəyin davam etdirilməsinin əlaqələrimizə müsbət təsir göstərəcəyinə ümidvar olduğunu bildirib. O həmçinin qeyd edib ki, parlamentlərarası əməkdaşlığımız ölkələrimiz və xalqlarımız arasındakı əlaqələrin inkişafı baxımından vacib amildir. Ötən dövrlərdə parlament nümayəndə heyətlərimizin həm ikitərəfli əsasda, həm də beynəlxalq tədbirlərdə iştirak çərçivəsində qarşılıqlı səfərləri olub. Parlamentarilərimiz Parlamentlərarası İttifaq, ATƏT PA, AŞPA kimi beynəlxalq parlament təşkilatlarında birgə fəaliyyət göstərirlər. O, həmçinin, Dostluq qrupları arasında əməkdaşlığın daha da dərinləşməsinin və qarşılıqlı səfərlərin daha da artmasının önəmini qeyd edib.
Milli Məclisin sədri görüşdə Azərbaycanda və regionda mövcud olan vəziyyət barədə geniş məlumat verərək, ölkəmizin hazırda özünün yüksək inkişaf dövrünü yaşadığını, 2020-ci ildə torpaqlarımızı Ermənistanın işğalından azad etdiyini və özünün ərazi bütövlüyünü bərpa etdiyini bildirib. O qeyd edib ki, hazırda Azərbaycan işğaldan azad olunmuş ərazilərdə işğal dövründə dağıdılmış bütün infrastrukturu, şəhərləri, kəndləri yenidən tikir, bərpa edir. Artıq keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmağa başlayıblar.
Bununla belə, Sahibə Qafarova deyib ki, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işlərinə ən böyük maneə işğal dövründə və Üçtərəfli Bəyanatın imzalanmasından sonrakı dövrdə Ermənistan tərəfindən basdırılmış 1 milyondan artıq minadır. 2020-ci ilin payızından indiyə kimi 300-dən artıq vətəndaşımız minaların qurbanı olub. Təəssüf ki, bu ərazilərin minalardan təmizlənməsi prosesində Azərbaycan beynəlxalq ictimaiyyətdən lazımi dəstəyi görmür.
Milli Məclisin sədri Sahibə Qafarova görüşdə xatırladıb ki, Azərbaycan sülh istəyir və Ermənistanla sülh sazişinin imzalanması təşəbbüsünü irəli sürüb, hazırda sülh danışıqları davam edir. Sahibə Qafarova vurğulayıb ki, Ermənistan hərbi təxribatlara son qoymalı, siyasi iradə nümayiş etdirərək, sülh sazişini imzalamalıdır. Sülh sazişinin imzalanması Qafqaza uzunmüddətli sülh gətirəcək.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.
Görüşdən sonra Milli Məclisinin sədri Sahibə Qafarova xatirə kitabını imzalayıb.
Sonra Azərbaycan parlament nümayəndə heyəti Avstriya parlamentinin binası ilə tanış olub.
**17:53
Milli Məclisin sədri Sahibə Qafarova Avstriya Milli Şurasının Prezidenti Volfqanq Sobotka ilə görüşüb.
Senzor.az xəbər verir ki, bu barədə sədr Tvitterdə paylaşım edib.
Xatırladaq ki, Sahibə Qafarova Avstriyada rəsmi səfərdədir.