Prokurorluq orqanlarının əməkdaşları yeni səhra geyim formasına keçib.
Senzor.az-ın xəbərinə görə, Baş Prokurorluğun rəhbər şəxsləri və əməkdaşları tərəfindən səhra geyim formasından ilk dəfə iyunun 21-də Laçın şəhərinə səfər zamanı istifadə edilib.
Prokurorluq işçilərinin yay geyim forması nazik göy rəngli parçadan qış şalvarı formasında hazırlanmış şalvar, ağ rəngli nazik parçadan hazırlanmış qısaqollu üst köynəyindən ibarət olur. Köynəyin döş hissəsində üstdən tikilmiş qapaqlı iki cibi olur. Ona pencəklər üçün nəzərdə tutulmuş poqonlarla eyni ölçüdə poqon bərkidilir. Poqonun kənarları aşağı kənarı istisna olmaqla 4 mm enində ağ kətan parça ilə haşiyələnir və köynəyə bərkidilən düymədən 5 mm aşağı hissəsinə ortada prokurorluğun emblemi bərkidilir.
Qeyd edək ki, bununla bağlı qanuna müvafiq dəyişiklik bu ilin aprel ayında edilib.
**15:30
"Təəssüf ki Ermənistan öz təxribatçı fəaliyyətini dayandırmır və yenə də davam etdirir".
Bunu Baş prokuror Kamran Əliyev Laçında jurnalistlərə açıqlamasında deyib.
"May ayının 26-da iki erməni hərbçisinin bizim sərhədi pozaraq silahlanmış şəkildə təxribat törətmək məqsədilə Azərbaycan ərazisinə keçmələri və bizim hərbçilər tərəfindən onların qanunsuz fəaliyyətinin qarşısının alınması, digər tərəfdən iyunun 15-də Azərbaycan sərhəd xidmətinin əməkdaşlarına heç bir əsas olmadan yenidən təxribat törədilməsi bizim bir daha diqqətli olmamızı zəruri edir", - deyə Baş Prokuror bildirib.
**11:10
Laçın Rayon Prokurorluğunun yeni inzibati binasının açılış mərasimindən sonra Baş Prokurorluğun rəhbərliyinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov və işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən tabe rayon və ərazi hərbi prokurorlarının iştirakı ilə əməliyyat müşavirəsi keçirilib.
Bu barədə Senzor.az-a Baş Prokurorluqdan məlumat verilib.
Müşavirədə açılış nitqi ilə çıxış edən Baş prokuror Kamran Əliyev zəruri tapşırıq və göstərişlərini verib.
Baş Prokuror bildirib ki, Laçın şəhəri işğal edildikdən sonra 26 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikasının nəzarətinə verilənədək Ermənistan Respublikasının aidiyyəti dövlət orqanları və orada qanunsuz məskunlaşdırılmış erməni milliyyətindən olan şəxslər tərəfindən həmin şəhərdə yerləşən istismara yararlı vəziyyətdə olmuş 2020 fərdi yaşayış evindən 1511-i qəsdən tamamilə dağıdılıb məhv edilmiş və istismara yararsız vəziyyətə salınıb.
Qeyd olunub ki, 27 ümumi yaşayış binasından 19-u qəsdən tamamilə dağıdılaraq məhv edilməklə, istismara yararsız vəziyyətə salınmış, 8-nə isə müxtəlif həcmli zərər vurulmuşdur. Ümumilikdə 190 inzibati binadan 143-ü qəsdən tamamilə dağıdılaraq məhv edilməklə, istismara yararsız vəziyyətə salınmış, 47-nə isə müxtəlif həcmli zərər vurulub.
Vurğulanıb ki, işğal müddətində Laçın şəhərində yerləşən, Azərbaycan Respublikasının vətəndaşlarına məxsus 509 fərdi yaşayış evlərində yaşamış erməni milliyətindən olan şəxslər tərəfindən 2022-ci ilin avqust ayında Laçın şəhəri Azərbaycan Respublikasına təhvil verilərkən Ermənistan Respublikasının aidiyyəti dövlət orqanlarının tapşırığı və xüsusi dəstəyi ilə həmin evlərin divarları, tavanları, döşəmələri, dam örtükləri, qapı və pəncərələri qəsdən sökülərək, habelə yanğınlar törədilərək həmin evlərə müxtəlif həcmli ziyan vurulmuş, istifadə üçün yararsız vəziyyətə salınıb, eyni əməllər Laçın rayonunun kəndlərində də törədilib.
Qeyd edilən faktlar Baş Prokurorluğun İstintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə mötəbər sübutlarla müəyyən edilib.