
Senzor.az Vətən müharibəsinin 38-ci gününün xronikasını təqdim edir.
• Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Düşmənin xeyli sayda canlı qüvvəsi, dörd ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, bir ədəd KUB zenit-raket kompleksi, doqquz ədəd müxtəlif tipli topu və iki ədəd sursatla dolu yük maşını sıradan çıxarılıb.

• Cəbhədə uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus taktiki pilotsuz uçuş aparatı hava hücumundan müdafiə bölmələrimiz tərəfindən məhv edilib.
• Azərbaycan Respublikasının Zəngilan rayonu istiqamətində Ermənistan ilə dövlət sərhədində düşmənin kəşfiyyat-diversiya qrupu zərərsizləşdirilib.
• Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin Xankəndi yaxınlığında yerləşən iki sursat anbarının məhv edilməsinin videogörüntüsünü yayıb.

• Cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətində hücuma keçməyə cəhd göstərən düşmən ağır itkilərə məruz qalaraq geri çəkilməyə məcbur edilib.
• Düşmənin snayper qrupu və əlahiddə zirehli tank taborunun komandiri məhv edilib.
• Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən noyabrın 3-dək 91 mülki şəxs həlak olub, 405 nəfər xəsarət alıb, 2488 ev, 97 yaşayış binası və 461 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
