
Senzor.az Vətən müharibəsinin 40-cı gününün xronikasını təqdim edir.
• Döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə və Xocavənd istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.

• Müdafiə Nazirliyi Füzuli və Xocavənd rayonlarının işğaldan azad edilən kəndlərinin videogörüntülərini yayıb.
• Cəbhənin Tərtər istiqamətində Azərbaycan Ordusunun bölmələrinin həyata keçirdiyi əməliyyat nəticəsində düşmənin hərbi infrastrukturuna ciddi ziyan vurulub. Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tonaşen kəndində yerləşən 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobil texnikaları və digər hərbi infrastrukturu dəqiq artilleriya zərbələri ilə dağıdılıb.

• Ermənistan silahlı qüvvələrinin 41-ci artilleriya alayının batareyası və hərbi kolonu pusquya salınaraq məhv edilib.
• Baş Prokurorluğun məlumatına əsasən, düşmənin təxribatları nəticəsində sentyabrın 27-dən noyabrın 5-dək 92 mülki şəxs həlak olub, 404 nəfər xəsarət alıb, 2971 ev, 100 çoxmənzilli yaşayış binası və 502 mülki obyekt yararsız vəziyyətə düşüb.
