Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədov tərəfindən döyülən veteran idmançı Həsən Əzizov barışıq ərizəsi yazıb.
Bakupost.az xəbər verir ki, təqsirləndirilən şəxslər Həsən Əzizovun üzvü olduğu Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporuna müraciət ediblər. Təşkilat rəhbərliyinin məsələyə müdaxiləsindən sonra tərəflər arasında barışıq əldə olunub.
Qeyd edək ki, idmançılar arasında dava bir neçə ay əvvəl Dəniz Mall-da baş verib. Həsən Əzizov “Rizin” Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı şou mərasimi zamanı döyülüb. Mərasimə 4 yaşlı uşağı ilə qatılan idmançı MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədovun hücumuna məruz qalıb. Onlar döydükdən sonra onu paltardəyişmə otağına apararaq idman karyerasını sonlandırmaq üçün şəxsiyyətini alçatmaq istəyiblər. Buna səbəb Həsən Əzizovun idman yarışına xaricdən idmançı dəvət etməsi olub. Onlar qrup halında köməksiz vəziyyətdə H.Əzizovdan bu sahədən çəkilməsini tələb ediblər, əks təqdirdə onu daha ağır hadisələrin gözlədiyi barədə xəbərdarlıq ediblər.
**21.27(02.02.2024)
İdmançıların döydüyü məşqçi Həsən Əzizov danışdı: “UKRAYNADAN GƏTİRDİYİM QIZIN NÖMRƏSİNİ İSTƏYİRDİLƏR”
Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədov tərəfindən döyülən veteran idmançı Həsən Əzizov açıqlama verib.
Bakupost TV-yə danışan H.Əzizov indiyədək dəfələrlə hücuma məruz qaldığını, hətta ona qarşı silah işlədilsə belə, şikayətçi olmadığını bildirib.
O, adı çəkilən idmançılar tərəfindən döyülməsinin isə bir qədər fərqli hadisə olduğunu deyib.
Döyülməsi ilə bağlı açıqlama verən H.Əzizov hadisədən əvvəl Ruslan Əfəndiyevin ondan Ukraynadan yarışa gətirdiyi və məşqçisi olduğu Nastya adlı idmançının telefon nömrəsini istədiyini bildirib. Həsən səbəbini soruşub və heç bir köməyə ehtiyacları olmadığını bildirib.
Onun sözlərinə görə, baş verən hadisə zamanı ona ilk zərbəni Tofiq Musayev endirib: “Altı-yeddi nəfər idilər. Tofiq məni vurandan sonra üstümə tökülüşdülər. Mən zərbələrdən qorunmaq üçün üzümü tutdum. Dedim, səhv edirsiniz, bu kişi hərəkəti deyil. Ancaq məhəl qoymadılar. Bütün göstərişləri Ruslan verirdi. “Uzadın, qaldırın, vurun” deyirdi. Gah da onlar tuturdular, Ruslan vururdu. Pulqabımı, telefonumu aldılar, kəmərimi açdılar. Məni yerə yıxıb sürüdülər”.
Qeyd edək ki, Həzən Əzizov tanınmış idmançıdır. O, eyni zamanda Azərbaycanın Ukraynadakı diasporunun fəal üzvüdür.
Ətraflı videoda: