
ABŞ-ın Atlanta şəhərində "Böyük iyirmilik" (G20) ölkələrinin xarici işlər nazirləri səviyyəsində keçirilən görüşün təşkilatçıları ənənəvi birgə fotoçəkilişi ləğv ediblər.
Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Buna tədbirin bir sıra iştirakçılarının, o cümlədən Almaniya tərəfinin Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrovla birlikdə şəkil çəkdirməkdən imtina etməsi səbəb olub.
"Rusiya ilə işləri əvvəlki qaydada davam etdirmək olmaz. Mövcud fikir ayrılıqlarını danışıqlar masası arxasında müzakirə etməliyik və məhz buna görə bu söhbət vacibdir. Lakin biz həm də yanlış vizual siqnallar verməkdən çəkinməliyik", - deyə Almaniyanın xarici işlər naziri Yohann Vadeful Atlantada jurnalistlərə bildirib.
Reuters-in məlumatına əsasən isə, avropalı diplomatlar əvvəlcə iki ayrı kollektiv foto çəkilməsini təklif ediblər. Bunlardan birində Lavrovun iştirak etməsi, digərində isə onun yer almaması nəzərdə tutulub.
Lakin ABŞ Dövlət Departamenti məsələnin daha böyük diplomatik qalmaqala çevrilməməsi üçün fotoçəkilişi ümumiyyətlə proqramdan çıxarıb.
Bununla belə, G20 ölkələrinin xarici işlər nazirləri toplantını davam etdiriblər.
Senzor.az xatırladır ki, iki gün davam edəcək görüşdə Ukrayna müharibəsi, Yaxın Şərqdəki vəziyyət, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və qlobal iqtisadi problemlər müzakirə olunur.(Bax: https://www.youtube.com/watch?v=a6dj1utM0m8)