Ceyhun Bayramov Azərbaycanda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn ilə görüşüb.
Bu barədə Senzor.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli gündəlikdə duran məsələlər, habelə Azərbaycan və Ermənistan arasında ikitərəfli əsasda normallaşma prosesinin cari vəziyyəti və perspektivləri, eləcə də regional məsələlər müzakirə olunub.
Azərbaycanla ABŞ arasında bir sıra istiqamətlərdə tarixi əlaqələr və qarşılıqlı maraqlar çərçivəsində ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin əhəmiyyəti görüşdə qeyd olunub.
Nazir Ceyhun Bayramov post-münaqişə dövründə bölgədə vəziyyət, Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə aparılan danışıqlar barədə qarşı tərəfə məlumat verib. Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəf olduğu xatırlanıb.
Layihə üzrə əhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistanın Konstitusiyasında və qanunvericilik aktlarında, ölkəmizin ərazi bürövlüyü və suverenliyinə qarşı davam edən iddialardan əl çəkməyin, Konstitusiyaya dəyişik edilməsinin vacibliyi vurğulanıb.
Bununla yanaşı, Ermənistanın hərbiləşmə siyasətinin bölgədə sülh və sabitliyə xidmət etmədiyi bildirilib.
Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.