İyulun 8-də Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Avstriya Respublikasına işgüzar səfərə gedib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Senzor.az-a verilən məlumata görə, nümayəndə heyəti ölkəmizin Vyanadakı səfirliyində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstünü ziyarət edib, Ulu Öndərin əziz xatirəsini ehtiramla anıb.
Baş prokuror Azərbaycanın Vyanadakı səfiri Rövşən Sadıqbəyli və diplomatik nümayəndəliyimizin əməkdaşları ilə görüşüb, fəaliyyətlərində uğurlar arzulayıb.
Səfər çərçivəsində Kamran Əliyev və Avstriyanın Baş prokuroru Margit Vaxberger arasında ikitərəfli görüş keçirilib.
Margit Vaxberger nümayəndə heyətini salamlayaraq, ölkələrimiz arasında mövcud münasibətlərin səviyyəsindən məmnunluğunu vurğulayaraq bu əlaqələrin qarşılıqlı hörmət və etimada əsaslanan qurumlararası əməkdaşlığın inkişafına töhfə verdiyini qeyd edib.
Səmimi qəbula görə təşəkkürünü bildirən Kamran Əliyev ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini qeyd edərək hüquqi əməkdaşlığın genişlənməsinin vacibliyini vurğulayıb.
Baş prokuror Prezident İlham Əliyevin həyata keçirdiyi strateji kursun və dövlət siyasətinin prioritetlərinə uyğun olaraq ölkəmizdə hüquq qaydasının möhkəmləndirilməsi və qanunun aliliyinin təmin olunması sahəsində prokurorluq orqanlarında aparılan islahatlar, həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğu, dövlət başçısının və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə Qarabağda sürətli bərpa və quruculuq işlərinin aparılması barədə həmkarına məlumat verib.
Kamran Əliyev dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un, bu il sentyabrın 29-dan oktyabrın 2-dək ölkəmizdə keçiriləcək Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransı və ümumi yığıncağında iştirak etmək üçün dəvəti qəbul etdiyinə görə təşəkkürünü bildirib.
Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım, ekstradisiya, terrorçuluqla mübarizə, cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması, korrupsiya cinayətləri və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında səmərəli fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və səfir Rövşən Sadıqbəyli iştirak ediblər.